Gənclər arasında xərçəng xəstəliyi artır: Alimlərdən SOS

Gənclər arasında xərçəng xəstəliyi artır: Alimlərdən SOS Sağlamlıq

Beynəlxalq araşdırmalara görə, gənclər arasında bəzi xərçəng növləri nəzərəçarpacaq dərəcədə artıb. Tədqiqatçılar Böyük Britaniya, ABŞ və Niderland üzrə məlumatları təhlil edərək erkən yaşlarda xərçəngə tutulmanın artmasının narahatlıq doğurduğunu bildiriblər.

News24.az xəbər verir ki, İngiltərədə 2001-ci ildən etibarən 50 yaşdan aşağı şəxslər arasında prostat xərçəngi diaqnozlarının sayı təxminən dörd dəfə artıb. Bağırsaq, böyrək və uşaqlıq xərçənglərinin erkən yaşlarda aşkarlanması isə iki dəfədən çox yüksəlib.

Dünya Xərçəng Tədqiqatları Fondunun apardığı təhlil nəticəsində İngiltərədə yeddi, ABŞ-da beş, Niderlandda isə dörd xərçəng növü üzrə erkən başlayan xəstəlik hallarının ciddi şəkildə artdığı müəyyənləşib.

Mütəxəssislər artımın səbəbləri arasında piylənmənin geniş yayılmasını, qeyri-sağlam qidalanmanı və fiziki aktivliyin azalmasını göstərirlər. Bununla yanaşı, xərçənglə bağlı məlumatlılığın və erkən diaqnostikanın artmasının da statistik göstəricilərə təsir edə biləcəyi qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, xərçəng hallarının böyük hissəsi hələ də daha yaşlı insanlarda qeydə alınır. Lakin gənclər arasında xəstəliyin artması da gələcək üçün ciddi narahatlıq yaradır.

Belfast Kraliça Universitetinin professoru Mark Louler bu tendensiyanı vaxtında qarşısı alınmalı olan “zaman bombası” kimi xarakterizə edib.