Gənclərdə insult riski niyə artır? - Həkim səbəbləri açıqladı

Gənclərdə insult riski niyə artır? - Həkim səbəbləri açıqladı Sağlamlıq

İnsult zamanla daha çox gənc yaşda olan insanlarda müşahidə edilir.

News24.az xəbər verir ki, kardioloq, terapevt, tibb elmləri namizədi Andrey Kondraxin xəstəliyin yaranma ehtimalını artıran amilləri açıqlayıb.

Həkimin sözlərinə görə, gənclərin risk qrupuna düşməsinin əsas səbəbləri düzgün qidalanmamaq və sağlamlığa zərər verən vərdişlərdir.

Bunlara hərəkətsiz həyat tərzi, alkoqol qəbulu, siqaret çəkmək və trans yağlardan istifadə daxildir.

Kondraxin bildirib ki, bütün bunlar damarların fəaliyyətinin pozulmasına və nəticədə ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

Həkim əsas risk faktorları arasında yüksək arterial təzyiqi və xolesterinin yüksək səviyyəsini xüsusi qeyd edib.

Bundan əlavə, şəkərli diabet, ürək-damar xəstəlikləri, artıq çəki, xroniki stress və yuxu çatışmazlığı da insult riskini artırır.

Yaxın qohumlarda insult hallarının olması da təhlükəni yüksəldə bilər.

Kondraxin insultun mümkün əlamətləri kimi başgicəllənmə, koordinasiya və yerimə problemləri və baş ağrısını göstərib. Bu əlamətlər yarandıqda özbaşına müalicə ilə məşğul olmaq tövsiyə edilmir.

İnsultun qarşısını almaq üçün düzgün qidalanmaq, kifayət qədər yatmaq, daha çox hərəkət etmək, siqaretdən imtina etmək və mütəmadi tibbi müayinələrdən keçmək vacibdir.