Günvurma zamanı nə etməli? – Həkimlərdən ilk yardım qaydaları
Sağlamlıq
Havanın kəskin istiləşməsi fonunda günvurma riski artır. Həkimlər günvurmadan qorunmağın yolları və belə hal baş verdikdə görülməli tədbirlər barədə danışıb.
News24.az xəbər verir ki, onların sözlərinə görə, imkan daxilində saat 11:00-dan 17:00-dək birbaşa günəş altında olmaqdan çəkinmək lazımdır. Əgər bu saatlarda çölə çıxmaq zəruridirsə, mütləq baş geyimindən istifadə edilməlidir.
Bu zaman mümkün qədər kölgədə qalmaq, günəş vannası qəbul etməmək və kifayət qədər maye içmək vacibdir. Bundan əlavə, günəşdən qoruyucu SPF kremindən istifadə tövsiyə olunur.
Həkimlər vurğulayırlar ki, SPF kremi təkcə günvurmadan deyil, həm də günəş yanıqlarından qoruyur, dəri xərçəngi, o cümlədən melanoma riskinin azalmasına kömək edir.
Mütəxəssislərin sözlərinə görə, günvurmanın əsas əlamətləri ürəkbulanma, baş ağrısı, başgicəllənmə, halsızlıq və güclü tərləmədir. Bu əlamətlər müşahidə olunarsa, insan dərhal günəş şüalarından uzaqlaşdırılmalıdır.
Həkimlər qeyd ediblər ki, zərərçəkən kölgəyə aparılmalı, üzərinə sərin su tökülməli və bol maye qəbul etməlidir. Baş ağrısı və ya hərarət olarsa, tərkibində parasetamol olan preparatlardan istifadə etmək mümkündür.
Lakin vəziyyət yaxşılaşmırsa, huşun itirilməsi, qusma və ya digər ağır əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir.