Gözləriniz üçün gimnastika

Gözləriniz üçün gimnastika Sağlamlıq

Müasir dünyada kompüter və smartfon ekranlarından istifadə, uzun müddət kitab oxumaq və kifayət qədər işıqlandırmanın olmaması gözlərə ciddi yük yaradır.

News24.az xəbər verir ki, gözlərdə gərginliyi azaltmaq və onların sağlamlığını qorumaq üçün mütəmadi olaraq xüsusi məşqlər etmək tövsiyə olunur.

Mütəxəssislərin sözlərinə görə, düzgün seçilmiş məşqlər göz əzələlərini gücləndirməyə, qan dövranını yaxşılaşdırmağa və görmə yükü zamanı yaranan narahatlığı azaltmağa kömək edə bilər. Lakin məşqlərə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Məşqlər xüsusi avadanlıq tələb etmir. İlk olaraq 10–15 saniyə ərzində sürətli şəkildə göz qırpmaq, daha sonra 7–10 saniyə fasilə vermək və bunu 3–4 dəfə təkrarlamaq olar.

Bu, göz səthinin nəmlənməsinə və yüngül gərginliyin azalmasına kömək edir.

Daha sonra göz qapaqlarını yüngül şəkildə masaj etmək tövsiyə olunur. Bunun üçün gözləri bağlayaraq şəhadət barmaqları ilə təxminən 30 saniyə ərzində dairəvi hərəkətlər etmək lazımdır.

Digər məşq isə “palminq” adlanır.

Gözləri bağlayıb ovucları yüngül şəkildə gözlərin üzərinə qoymaq və 1–2 dəqiqə bu vəziyyətdə qalmaq lazımdır. Ardınca baxışı 5–6 dəfə yavaş-yavaş sağa və sola çevirmək tövsiyə olunur.

Fokuslanmanı məşq etdirmək üçün 2–3 metr məsafədəki bir əşyaya 30 saniyə baxmaq, daha sonra diqqəti başqa obyektə 10–15 saniyə yönəltmək olar.

Həkimlər həmçinin gözlərlə ətrafdakı əşyaların konturlarını çəkməyi, gözləri bir neçə saniyə möhkəm qıyıb daha sonra geniş açmağı və baxışı burun istiqamətində cəmləşdirməyi tövsiyə edib.

Mütəxəssislər bildirib ki, gimnastikanın faydalı olması üçün məşqlər hər gün, mümkün qədər eyni vaxtda yerinə yetirilməlidir.

Bütün hərəkətlər isə yavaş və kəskin olmayan şəkildə edilməlidir.