Günəş kremini yanlış seçmək təhlükəlidirmi?- Həkimdən vacib açıqlama
Sağlamlıq
Havaların isinməsi ovqatımızı yüksəldib tətil, əyləncə, gəzinti həvəsimizi artırsa da, günəş şüasının zərəri, dərimizə ləkələr düşmək kimi qayğılara da yol açır.
Bu problemlərin olmaması üçün ən yaxşı yol qoruyucu kremlərdən istifadə etməkdir.
Lakin bazarda həm çox ucuz, həm də bahalı günəş kremləri mövcuddur. Çeşidli kremlərin seçimində də alıcıda məhsulun keyfiyyəti ilə bağlı suallar yaranır.
Bəs, bu kremləri düzgün seçmək üçün nələrə diqqət etməliyik? Doğru seçim etmədikdə hansı əks təsirləri ola bilər?
Mövzu ilə bağlı News24.az-a fikirlərini bildirən həkim-kosmetoloq Sahilə Kərimova qeyd edib ki, bu kremlər dəri üçün təhlükəli deyil: "Bahalı və ucuz kremlər arasındakı qiymət fərqi onların tərkibindəki dəriyə qulluq komponentlərinin çoxluğuna görə dəyişə bilir. Yüksək qiymətli məhsullar əlavə nəmləndiricilər, antioksidantlar və həssas dəri üçün daha uyğun tərkiblərlə hazırlanır. Ucuz məhsullar isə əsasən yalnız günəşdən qoruyucu funksiyanı yerinə yetirir. Bəzi hallarda onlardan istifadə dəri tipinə uyğun olmayan yağlılıq, quruluq kimi yan təsirlər yarada bilər. Çox nadir hallarda allergiyaya səbəb ola bilər. Bu, əsasən məhsulun tərkibində olan ətirləndirici və qoxulandırıcı maddələrə qarşı həssaslıqla bağlıdır. Belə hallarda baş ağrısı, gözlərdə qızartı və narahatlıq müşahidə olunur”.
Mütəxəssis bildirib ki, bu məhsullar təhlükəli və ya zərərli deyil, əksinə, düzgün seçildiyi və düzgün istifadə olunduğu halda dərimiz üçün çox faydalıdır: “Onlar dəriyə təravətli görünüş verir və yağlılığı azaldır. Satışdakı ucuz, yaxud bahalı kremlərin seçiminə gəlincə, məncə, alıcılar bu kremlərin büdcəyə uyğun olmasından daha çox onların dərilərinin həssaslığı, yağlı, yaxud quru olmasına uyğun seçilməsinə diqqət etməlidirlər”.