Haşimoto xəstəliyi olanlar ömürboyu dərman içməlidir? – Həkimdən cavab
Sağlamlıq
“Haşimoto xəstəliyi ilə bağlı cəmiyyətdə geniş yayılmış fikirlərdən biri bu diaqnozu alan hər kəsin ömrünün sonuna qədər dərman qəbul etməli olmasıdır., lakin bu yanaşma doğru deyil”.
Bu barədə cərrah-endokrinoloq Sadiq Bəbirov News24.az-a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Haşimoto xəstəliyi zamanı orqanizm qalxanabənzər vəzi yad qəbul edir və ona qarşı anticisimlər yaradır. Bu proses zamanla vəzin zədələnməsinə və hormonal çatışmazlığa səbəb ola bilər.
“Amma vəz hələ zədələnməyibsə və hormonal çatışmazlıq yoxdursa, Haşimoto diaqnozu olan bir çox insan illərlə, hətta 30 il ərzində heç bir dərman qəbul etmədən yaşaya bilər. Yəni, Haşimoto xəstəliyi olan hər kəsin ömürboyu dərman qəbul etməsi fikri doğru deyil. Yalnız qalxanabənzər vəz hormonlarının çatışmazlığı varsa, o halda hormon müalicəsi təyin olunur. Amma onun da yaranma səbəbi müəyyən olunarsa və həmin səbəb aradan qaldırılarsa, məsələn, D vitamini çatışmazlığı varsa, bu problem aradan qaldırıldıqda vəziyyət də yaxşılaşa bilər və insan dərmanın dozasını azalda bilər”, – o bildirib.
Həkim həmçinin Haşimoto xəstəliyi olan şəxslər üçün xüsusi pəhrizin vacib olmadığını, normal qidalanmanın kifayət etdiyini söyləyib.
Sadiq Bəbirov hamiləlik zamanı isə Haşimoto xəstəliyi olan qadınların hormonal göstəricilərini mütəmadi nəzarətdə saxlamalarının vacibliyini qeyd edib.