Həkim günvurmanın əlamətlərini AÇIQLADI
Sağlamlıq
Həkim Svetlana Burnatskaya günvurma ilə həddindən artıq istidən yaranan halsızlığın fərqlərindən danışıb.
News24.az xəbər verir ki, onun sözlərinə görə, həddindən artıq istinin təsiri nəticəsində yaranan halsızlıq zamanı güclü tərləmə, zəiflik, başgicəllənmə, susuzluq, ürəkbulanma və əzələ spazmları müşahidə olunur. Bu zaman dəri adətən nəm və sərin qalır.
Həkim bildirib ki, günvurma isə daha ağır vəziyyətdir. Bu halda yüksək hərarət, şiddətli baş ağrısı, üzün qızarması, quru və isti dəri, koordinasiya pozğunluğu, çaşqınlıq, ağır hallarda isə huşun itməsi və qıcolmalar baş verə bilər. Onun sözlərinə görə, tərləmənin dayanması ən təhlükəli əlamətlərdən biridir.
Mütəxəssis belə hallarda şəxsin dərhal sərin yerə aparılmasını, bədəninin soyudulmasını və huşu yerindədirsə, az miqdarda su verilməsini tövsiyə edib. Əgər bədən hərarəti 39–40 dərəcədən yuxarı qalxarsa, huşun itməsi, qıcolma və ya nitq pozğunluğu yaranarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.