Həkim xəbərdarlıq etdi: Dərmanları bu içkilərlə qəbul etməyin
Sağlamlıq
Dərman qəbul edərkən onu hansı içki ilə içdiyiniz preparatın təsirinə birbaşa təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi içkilər dərmanın təsirini zəiflədə, bəziləri isə yan təsirlərin artmasına səbəb ola bilər.
News24.az xəbər verir ki, Odrex Tibb Mərkəzinin ailə həkimi Yekaterina Skoryak bu barədə UNIAN-a açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, əksər dərmanları qəbul etmək üçün ən uyğun seçim otaq temperaturunda olan adi qazsız sudur. Bir stəkan su dərmanın orqanizmdə daha yaxşı sorulmasına kömək edir.
Bəzi hallarda isə yağda həll olan A, D, E və K vitaminlərini süd ilə qəbul etmək mümkündür. Südün tərkibindəki yağlar bu vitaminlərin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Mədə qıcıqlanmasına səbəb ola bilən bəzi preparatların, o cümlədən parasetamol və ibuprofenin də qida və ya süd ilə qəbul edilməsi tövsiyə olunur.
Mütəxəssis meyvə şirələri, xüsusilə qreypfrut şirəsi ilə dərman qəbul etməyi məsləhət görmür. Onun sözlərinə görə, qreypfrut şirəsi bəzi təzyiq və xolesterin dərmanlarının qandakı səviyyəsini artıraraq yan təsir riskini yüksəldə bilər. İstisna olaraq, dəmir preparatlarının portağal şirəsi ilə qəbuluna icazə verilir.
Həkim çay və qəhvə ilə dərman qəbulundan da çəkinməyi tövsiyə edir. Tərkibindəki kofein bəzi preparatların təsirini gücləndirə, ürəkdöyünmə və yuxusuzluq yarada bilər. Bundan əlavə, qəhvə dəmir preparatlarının sorulmasını azaldır.
Ekspert enerji içkiləri, alkoqol, şirin qazlı içkilər və mineral suların da dərmanlarla birlikdə qəbulunun arzuolunmaz olduğunu bildirib. Onun sözlərinə görə, mineral sulardakı kalsium, maqnezium və digər minerallar dərmanların tərkibi ilə reaksiyaya girərək onların təsirini zəiflədə bilər.
Yekaterina Skoryak qeyd edib ki, insanların ən çox yol verdiyi səhvlər dozaya özbaşına dəyişiklik etmək, dərmanların qida ilə qəbul qaydasına əməl etməmək və onları uyğun olmayan içkilərlə qəbul etməkdir. Bu isə həm preparatın təsirini azalda, həm də təhlükəli yan təsirlərə səbəb ola bilər.