Həkimdən xəbərdarlıq: Bu əlamətləri görməzliyə vurmayın

Həkimdən xəbərdarlıq: Bu əlamətləri görməzliyə vurmayın Sağlamlıq

"Baş və boyun xərçəngi ağız boşluğu, udlaq, qırtlaq, burun boşluğu və burunətrafı ciblərdə yaranan bədxassəli şişlər qrupunun ümumi adıdır".

News24.az xəbər verir ki, bu barədə rusiyalı kəkim-otorinolarinqoloq Andrey Makarin-Kibak danışıb.

Onun sözlərinə görə, xəstəlik daha çox 50-60 yaşdan yuxarı insanlarda aşkarlansa da, son illərdə xüsusilə insan papilloma virusu (HPV) ilə əlaqəli ağız-udlaq şişləri səbəbindən gənc xəstələrin sayı artmaqdadır.

Həkim diqqət yetirilməsi vacib olan əsas əlamətləri sadalayıb:

Səsin xırıltılı olması və ya tembrinin dəyişməsi;

Ağız boşluğunun selikli qişasında və ya dildə sağalmayan yaralar;

Boyunda limfa düyünlərinin böyüməsi;

Burunun bir tərəfli tutulması;

Boğazda yad cisim və ya "düyün" hissi, udqunma çətinliyi;

Aydın səbəb olmadan boğazın və ya qulağın bir tərəfli ağrısı.

Makarin-Kibak qeyd edib ki, baş və boyun xərçəngi elə onkoloji xəstəliklərdəndir ki, bir çox hallarda şişlər ciddi simptomlar yaranmadan əvvəl aşkar edilə bilər.

"Xəstəlik erkən mərhələdə müəyyən edilərsə, tam sağalma ehtimalı 90 faizdən çoxdur. Əsas problem isə xəstələrin çox vaxt artıq III-IV mərhələdə həkimə müraciət etməsidir. Bu zaman müalicə daha mürəkkəb olur", - deyə o vurğulayıb.

Mütəxəssis xəbərdarlıq edib ki, siqaret çəkmək ağız boşluğu, udlaq və qırtlaq şişlərinin yaranmasında əsas risk faktorlarından biridir. Xüsusilə siqaret və alkoqolun birlikdə istifadəsi təhlükəlidir, çünki bu amillər bir-birinin kanserogen təsirini gücləndirir.

Həkimin sözlərinə görə, baş və boyun nahiyəsindəki şişlərin 25-30 faizi, ağız-udlaq şişlərinin isə daha böyük hissəsi insan papilloma virusu (HPV) ilə əlaqəlidir. (Ölkə.az)