Həkimlər tövsiyə edir: ən faydalı şokoladın tərkibi belə olmalıdır

Həkimlər tövsiyə edir: ən faydalı şokoladın tərkibi belə olmalıdır Sağlamlıq

Acı şokolad sağlam qidalanmanın faydalı hissəsi hesab olunsa da, mütəxəssislər onun hər növünün eyni dərəcədə xeyirli olmadığını bildirirlər.

News24.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin fikrincə, ən yaxşı seçim tərkibində 70 faizdən çox kakao olan, ideal halda isə 90-99 faiz kakao tərkibli şokoladlardır. Belə məhsullar daha az şəkər ehtiva edir, lif, zülal, maqnezium və kaliumla zəngin olur.

Acı şokoladın əsas üstünlüklərindən biri tərkibindəki polifenollar və flavanollardır. Bu maddələr orqanizmi sərbəst radikallardan qorumağa, ürək-damar sisteminin fəaliyyətini dəstəkləməyə və qan dövranını yaxşılaşdırmağa kömək edir. Araşdırmalara görə, müntəzəm və ölçülü istehlak "pis" xolesterinin səviyyəsinin azalmasına, tromb yaranması riskinin aşağı düşməsinə və ürək sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər.

Mütəxəssislər qeyd edirlər ki, kakao beyinə qan axınını artırdığı üçün diqqət, yaddaş və idrak qabiliyyətlərinin yaxşılaşmasına da kömək edir. Bundan əlavə, serotonin səviyyəsinin yüksəlməsi əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Bununla belə, acı şokolad yüksək kalorili məhsuldur. 100 qramında təxminən 600 kilokalori var. Buna görə gündəlik tövsiyə olunan miqdar 20 qramdan (1-3 tikə) çox olmamalıdır.

Acı şokolad dondurma, çizkeyk, gecədən isladılmış yulaf sıyığı, yoqurt və şokoladlı meyvə desertlərinin hazırlanmasında da istifadə oluna bilər.

Mütəxəssislər bağırsaq xəstəlikləri, yüksək təzyiq, kofeinə həssaslıq və miqren problemi olan şəxslərə isə acı şokoladı ehtiyatla istehlak etməyi tövsiyə edirlər.