Həkimlərdən xəbərdarlıq: Bunu etmək təhlükəli ola bilər
Sağlamlıq
Bir çox insan bişirməzdən əvvəl çiy əti yumağı vacib hesab edir. Lakin müasir qida təhlükəsizliyi qaydalarına görə, bu vərdiş faydalı olmaq əvəzinə təhlükə yarada bilər.
News24.az xəbər verir ki, bunu “Dobrobut” tibb şəbəkəsinin infeksionist həkimi Aleksandra Pleşakova deyib.
Onun sözlərinə görə, beynəlxalq qida təhlükəsizliyi tövsiyələrində donuz, mal əti, toyuq və ya ov ətinin bişirilməzdən əvvəl yuyulmasına ehtiyac olmadığı bildirilir.
Həkim izah edib ki, əsas təhlükə “çarpaz çirklənmə”dir. Ət yuyularkən su sıçrantıları ilə birlikdə bakteriyalar da ətrafa yayılır və mətbəxdəki bıçaq, doğrama taxtası, qab-qacaq və hətta hazır qidalara keçə bilər.
“Su damcıları mikroorqanizmlərlə birlikdə çanağın ətrafında təxminən bir metr məsafəyə qədər yayıla bilər. Sonradan aparılan adi təmizlik isə bu çirklənməni tam aradan qaldırmaya bilər”, – Pleşakova bildirib.
Mütəxəssis qeyd edib ki, çiy ətin yuyulması onu daha təhlükəsiz etmir, çünki ətin səthində olan bakteriyalar kifayət qədər istilik emalı zamanı məhv olur.
Pleşakovanın sözlərinə görə, çiy ətin və ya balığın hazır qidalarla təmasda olmamasına diqqət yetirmək, onlar üçün ayrıca bıçaq və doğrama taxtasından istifadə etmək vacibdir. Həmçinin ətin saxlandığı qablaşdırma istifadə olunduqdan dərhal sonra atılmalıdır.
Həkim əlavə edib ki, çiy əti suda və ya duzlu məhlulda saxlamaq da tövsiyə edilmir. Bu üsul bakteriyaların yayılma riskini azaltmır və daha çox zərər verə bilər.
Beləliklə, mütəxəssislər hesab edirlər ki, çiy əti bişirməzdən əvvəl yumaq əvəzinə, düzgün saxlanma və kifayət qədər istilik emalına diqqət yetirmək daha təhlükəsiz yanaşmadır.