Hər gün istehlak etdiyimiz məhsullardakı gizli risk üzə çıxdı
Sağlamlıq
Qatıq, dondurma, bitki mənşəli içkilər və "fit" məhsulların tərkibində geniş istifadə olunan E407 qida əlavəsi ilə bağlı yeni araşdırmalar narahatlıq yaradıb. Alman alimləri bildirirlər ki, karagenan (E407) kimi tanınan bu maddə bağırsaqların fəaliyyətinə mənfi təsir göstərə, iltihab riskini artıra və bəzi hallarda metabolik pozğunluqlarla əlaqəli ola bilər.
News24.az xəbər verir ki, araşdırmalara görə, karagenan nazik bağırsağın keçiriciliyini artırır. Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik bağırsaqlarda iltihab proseslərinə səbəb ola və uzunmüddətli sağlamlıq problemləri yarada bilər.
Qida sənayesində qatılaşdırıcı və emulqator kimi istifadə olunan E407 aşağıdakı məhsullarda daha çox rast gəlinir:
qatıq və süd desertləri;
dondurma;
əridilmiş pendirlər;
bitki mənşəli südlər;
kolbasa və digər ət məhsulları;
"light" və ya pəhriz məhsulları;
hazır şorba və souslar;
şokoladlı və meyvəli içkilər;
jele və müxtəlif şirniyyatlar.
Araşdırma çərçivəsində alimlər sağlam gənc kişilər üzərində müşahidələr aparıblar. İştirakçıların bir hissəsinə iki həftə ərzində karagenan, digər hissəsinə isə plasebo verilib. Nəticələr göstərib ki, karagenan qəbul edən şəxslərdə bağırsaq keçiriciliyi artıb və bu, iltihab əlamətləri ilə əlaqələndirilib.
Tədqiqat müəlliflərindən biri bildirib ki, əldə olunan nəticələr heyvanlar üzərində aparılmış əvvəlki araşdırmalarla da üst-üstə düşür və karagenanın bağırsaq baryerinin fəaliyyətini poza biləcəyini göstərir.
Alimlər həmçinin müəyyən ediblər ki, karagenanla zəngin qidalanma artıq çəkisi olan insanlarda insulinə həssaslığın azalmasına səbəb ola bilər. Bu isə gələcəkdə 2-ci tip diabet riskini artıra bilər. Araşdırma zamanı artıq çəkili iştirakçılarda qanda iltihab göstəricilərinin yüksəldiyi və beyin fəaliyyətində müəyyən iltihabi dəyişikliklərin müşahidə edildiyi qeyd olunub.
Mütəxəssislər vurğulayırlar ki, gənc və sağlam insanlarda bu təsirlər hələ tam şəkildə özünü göstərməsə də, yaşlı və artıq çəkili şəxslərdə risk daha yüksək görünür. Bununla belə, nəticələrin təsdiqlənməsi üçün daha geniş tədqiqatlara ehtiyac olduğu qeyd edilir.
Alimlər hesab edirlər ki, E407 əlavəsinin qida məhsullarında geniş yayılması onun insan sağlamlığına mümkün təsirlərinin daha dərindən öyrənilməsini zəruri edir.