Hər gün nəfəs aldığımız görünməz təhlükə ortaya çıxdı
Sağlamlıq
Hər gün hava ilə birlikdə nəfəs aldığımız mikroskopik plastik hissəciklər orqanizmdə həftələrlə qala və immun sisteminə ciddi zərər vura bilər.
News24.az xəbər verir ki, bu barədə “Independent” nəşri Vyana Tibb Universiteti alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, ölçüsü 5 millimetrdən kiçik olan mikroplastiklər artıq ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə hesab olunur. Əvvəlki tədqiqatlarda onların xərçəng, infarkt, reproduktiv problemlər və digər xəstəliklərlə əlaqəli ola biləcəyi göstərilib.
Bu dəfə alimlər plastik butulkaların hazırlanmasında istifadə olunan PET (polietilen tereftalat) mikroplastiklərinin immun sisteminə təsirini araşdırıblar.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, PET mikroplastiklərinin təkcə bir dəfə nəfəsə çəkilməsi belə hissəciklərin ağciyərlərdə ən azı 14 gün qalmasına səbəb olur. Bu müddətdə tənəffüs yollarında iltihab yaranır, allergik reaksiyalarda iştirak edən immun hüceyrələrinin sayı artır.
Araşdırma zamanı müəyyən edilib ki, mikroplastiklər ambroziya bitkisinin tozcuqları ilə birlikdə orqanizmə daxil olduqda iltihab daha da güclənir.
Alimlər bildirirlər ki, problem xüsusilə iri şəhərlərdə yaşayan insanlar üçün daha aktualdır. Hazırda Avropa şəhərlərinin havasında hər kubmetr üçün təxminən 135-158 nanoqram PET hissəcikləri qeydə alınır.
Hesablamalara görə, bir yetkin insan gündə 10-20 kubmetr hava qəbul edir ki, bu da gündəlik 1-3 mikroqram mikroplastikin nəfəsə çəkilməsi deməkdir.
Əvvəlki tədqiqatlar da göstərib ki, orqanizmdə toplanan mikroplastiklər iltihab, DNT zədələnməsi, hüceyrələrin vaxtından əvvəl qocalması və hormonal pozğunluqlarla əlaqəli ola bilər.
Alimlər yekunda PET mikroplastiklərini immun sisteminin fəaliyyətini dəyişdirə bilən və tənəffüs yollarında iltihabı gücləndirən bioloji aktiv hissəciklər kimi qiymətləndiriblər.