Hər gün pendir yeyirsiniz? – Mütəxəssislər təhlükəli həddi açıqladı

Hər gün pendir yeyirsiniz? – Mütəxəssislər təhlükəli həddi açıqladı Sağlamlıq

Pendir sağlam gündəlik qidalanmanın bir hissəsi ola bilər. Lakin onun nə qədər və hansı növünün istehlak edilməsi böyük əhəmiyyət daşıyır.

News24.az xəbər verir ki, bu barədə "Today" nəşri dietoloqlara istinadən məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, pendirin həddindən artıq qəbulu ürək-damar sistemi xəstəlikləri riskini artıra bilər. Ancaq normada istehlak edildikdə orqanizm üçün faydalıdır.

Bildirilib ki, pendir yüksək keyfiyyətli zülal, kalsium, fosfor, A və B12 vitaminləri, eləcə də digər faydalı maddələrlə zəngindir. Bu maddələr əzələ kütləsinin qorunmasına, sümük və dişlərin möhkəmlənməsinə kömək edir, həmçinin uzun müddət toxluq hissi yaradır.

Bununla yanaşı, bir çox pendir növünün tərkibində doymuş yağlar, duz və kalori yüksək olur. Dietoloqların fikrincə, pendirin mütəmadi olaraq normadan artıq yeyilməsi çəki artımına, "pis" xolesterinin yüksəlməsinə və arterial təzyiqin artmasına səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, sağlam yetkin insanların əksəriyyəti gündə təxminən 30–45 qram pendir istehlak edə bilər. Bu normaya pizza, makaron, sendviç və digər yeməklərin tərkibində olan pendir də daxildir.

Xolesterini yüksək olan, hipertoniyadan və ya böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərə isə pendir istehlakını məhdudlaşdırmaq, yağ və natrium miqdarı az olan növlərə üstünlük vermək tövsiyə olunur.

Mütəxəssislər müntəzəm istehlak üçün ən faydalı pendir növləri kimi bunları göstəriblər:

  • kəsmik;

  • təzə mozzarella;

  • İsveçrə pendiri;

  • parmezan;

  • feta pendiri.

Qeyd olunub ki, fermentləşdirilmiş pendirlər bağırsaq mikroflorasına müsbət təsir göstərən probiotiklər və digər bioloji aktiv maddələr ehtiva etdiyinə görə xüsusilə faydalıdır.

Dietoloqlar pendirin tərəvəz, meyvə, giləmeyvə, tam taxıllı məhsullar, qoz-fındıq və ya yağsız zülal mənbələri ilə birlikdə istehlak edilməsini tövsiyə edirlər. Bu, qida rasionunu daha balanslı edir və artıq kalori ilə doymuş yağların qəbulunun qarşısını almağa kömək edir.