Hər gün yumurta yemək olarmı? – Alimlərdən yeni araşdırma

Hər gün yumurta yemək olarmı? – Alimlərdən yeni araşdırma Sağlamlıq

Vaxt az olanda və mürəkkəb yeməklər hazırlamaq mümkün olmadıqda, bir çox insanın süfrəsində ən çox yer alan məhsullardan biri yumurtadır. Bəs hər gün yumurta yemək sağlamlıq üçün təhlükəlidirmi?

News24.az xəbər verir ki, alimlər bu suala cavab tapmaq üçün 20-dən çox ölkədən təxminən 180 min nəfərin məlumatlarını təhlil ediblər.

Tədqiqat göstərib ki, yumurtanın ölçülü şəkildə istehlakı ürək-damar xəstəlikləri riskini artırmır.

Araşdırma müəllifləri hesab edirlər ki, yumurtanın qida dəyəri mümkün risklərdən daha üstündür. Onların qənaətinə görə, sağlam insan üçün gündə bir yumurta yemək təhlükəsizdir və qidalanmaya faydalı əlavə hesab olunur.

Bununla belə, bəzi insanlar bu məhsulu ehtiyatla istehlak etməlidirlər. Xüsusilə ürək-damar xəstəlikləri və ya 2-ci tip diabetdən əziyyət çəkən şəxslərə həkimlər həftədə 7 yumurtadan çox yeməməyi tövsiyə edə bilərlər. Bu məhdudiyyət isə yumurtanın zərərli olması ilə deyil, həmin insanların xüsusi pəhriz saxlamalı olmaları ilə bağlıdır.

Digər araşdırmalara görə, kifayət qədər zülal qəbul edən və güc məşqləri ilə məşğul olan insanlarda əzələ kütləsinin artması müşahidə olunur.

Alimlər həmçinin müəyyən ediblər ki, gündə üç və ya daha az yumurta istehlakı sağlam gənclərdə "pis" xolesterinin keyfiyyətinin yaxşılaşmasına, "yaxşı" xolesterinin fəaliyyətinin güclənməsinə və qanda antioksidantların səviyyəsinin yüksəlməsinə kömək edə bilər.