Hər səhər yulaf yemək orqanizmə necə təsir edir? – Alimlər açıqladı

Hər səhər yulaf yemək orqanizmə necə təsir edir? – Alimlər açıqladı Sağlamlıq

Dünyada milyonlarla insan günə yulaf sıyığı ilə başlayır. Hazırlanması asan və dadlı olan bu səhər yeməyi sağlam qidalanmanın əsas elementlərindən biri hesab edilir. Bəs yulafı hər gün yemək olarmı?

News24.az xəbər verir ki, “Health” nəşrinin məlumatına görə, yulafın hər gün qəbul edilməsində problem yoxdur, lakin bunun üçün iri üyüdülmüş yulaf yarması və ya tam taxıllı yulaf lopalarına üstünlük verilməlidir. Tez hazırlanan yulaf məhsullarında da müəyyən faydalı maddələr olsa da, vitaminlərin böyük hissəsi taxılın xarici qabığında yerləşdiyindən onların qida dəyəri daha aşağı olur.

Yulafın əsas üstünlükləri yüksək lif tərkibi, zəngin qida maddələri və uzunmüddətli toxluq hissi yaratmasıdır. Onun faydası həm də hansı əlavələrlə birlikdə istehlak edilməsindən asılıdır. Meyvə və giləmeyvələr yeməyin qida dəyərini artırdığı halda, bal, şəkər və kərə yağı kaloriliyi yüksəldə bilər.

Mütəxəssislər bildirirlər ki, yulaf sıyığı uzun müddət bişirilən növlərdən hazırlanırsa və ölçülü şəkildə istehlak olunursa, onu hər gün yemək mümkündür. Bununla belə, çox şəkər və digər zərərli əlavələr sıyığın faydasını azalda bilər.

Yulaf ürək sağlamlığı üçün də faydalıdır. Araşdırmalardan birində müəyyən olunub ki, gündə 70 qram yulaf istehlakı qanda xolesterinin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. Yulafın tərkibindəki beta-qlükan, maqnezium və dəmir ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir.

Bu məhsul həzm sistemi üçün də faydalıdır. Tərkibində həm həll olunan, həm də həll olunmayan liflər olduğundan bağırsaq mikroflorasını yaxşılaşdırır, həzmi asanlaşdırır və qəbizliyin qarşısını almağa kömək edir.

Yüksək lif tərkibi sayəsində yulaf diabet xəstələri və qan şəkərinə nəzarət edən insanlar üçün də tövsiyə olunur. Elmi məlumatlara görə, yulaf qəbulundan sonra qanda qlükoza səviyyəsi kəskin yüksəlmir.

Arıqlamaq istəyənlər üçün də yulaf yaxşı seçim hesab edilir. Tayvan alimlərinin araşdırması göstərib ki, piylənmədən əziyyət çəkən şəxslər yulafı gündəlik rasiona daxil etdikdə çəki azalda və daxili orqanlar ətrafında toplanan piylərin miqdarını azalda biliblər. Bundan əlavə, yulaf uzun müddət toxluq hissi yaratdığı üçün əlavə qida qəbulunu da azaldır.

Mütəxəssislərin fikrincə, yulaf beynin fəaliyyətinə də müsbət təsir göstərə bilər. Bir stəkan çiy yulaf lopası orqanizmin gündəlik selenium tələbatının təxminən yarısını qarşılayır. Seleniumun isə yaşlı dövrdə Alzheimer xəstəliyinin riskini azaltmağa kömək edə biləcəyi bildirilir. Yulaf həmçinin kalsium, sink və fol turşusu ilə zəngindir.

Bununla yanaşı, qlütenə həssaslığı olanlar, yulafa qarşı allergiyası olan şəxslər və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlar bu məhsulu ehtiyatla istehlak etməlidirlər.