İndi qarpız almaq təhlükəlidir- XƏBƏRDARLIQ

İndi qarpız almaq təhlükəlidir- XƏBƏRDARLIQ Sağlamlıq

Marketlərdə və küçə satış mərkəzlərində mövsümündən xeyli əvvəl satışa çıxarılan meyvə və tərəvəzlərə tez-tez rast gəlinir.

Xüsusilə də, yayın ən dadlı meyvəsi sayılan qarpız artıq piştaxtalarda yer alıb.

Alıcıların bir çoxu “hər meyvə mövsümündə yeyilməlidir” deyib onu almağa ehtiyat edir. Erkən yetişdirilən qarpızların sağlamlığa zərər verə biləcəyini düşünür.

Amma “qarpız elə belə vaxt daha şirin olur deyib” alanlar da az deyil.

Maraqlıdır, bəs, qida mütəxəxssisləri nə deyir? Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzləri, xüsusilə də qarpızı indi yemək olarmı?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov meyvələrin mövsümünə uyğun olmadığı dövrdə satışa çıxarılmasının yanlış olduğu qənaətindədir: "Sahibkar parnikdə yetişdirib sata bilər. Amma bunun insan orqanizminə heç bir faydası yoxdur. Təbiət bütün meyvə və tərəvəzləri mövsümünə uyğun olaraq “kodlaşdırıb”. Məsələn, qarpızın məhz yay aylarında yetişməsi, yeyilməsi təsadüfi deyil. Eynilə gilas, alça və digər mövsümi meyvələr də həmçinin. Yay aylarında insan orqanizmi tərlədiyi üçün bədəndəki su və mikroelementlər itir. Bu itkinin bərpası üçün orqanizmə minerallar və vitaminlər lazımdır. Qarpızın tərkibində olan minerallar, vitaminlər və ona qırmızı rəng verən likopin maddəsi immun sisteminin güclənməsinə kömək edir. Bu isə orqanizmin mövsümi xəstəliklərə və sərbəst radikallara qarşı mübarizəsini gücləndirir”.

Ekspert bildirib ki, bu, təkcə qarpıza yox, bütün meyvə və tərəvəzlərə də aiddir: “Heyva qış meyvəsi hesab olunur. Çünki bronxlar, ağciyərlər və ümumi orqanizm üçün faydalı xüsusiyyətlərə malikdir. Göründüyü kimi, hər bir meyvə və tərəvəz öz mövsümünə uyğun şəkildə formalaşıb.

Mövsümündənkənar yeyilən meyvə-tərəvəzin zərərli tərəfi nitrat səviyyəsinin yüksək olması ilə bağlıdır. Nitratın miqdarı çox olan qarpız və digər məhsullar orqanizmdə allergik reaksiyalar, mədə qıcqırması, həzm pozğunluğu, köp və digər problemlər yarada bilər.

Ona görə də qarpızın və digər meyvə-tərəvəzlərin öz mövsümündə istehlak olunması daha məqsədəuyğun və faydalıdır", - deyə o bildirib.

Qeyd edək ki, hazırda mağazalarda qarpızın kilosu 2 manatadır.