İsti gecələrdə rahat yatmağın sirri açıqlandı

İsti gecələrdə rahat yatmağın sirri açıqlandı Sağlamlıq

İsti yay gecələri yuxunun keyfiyyətini ciddi şəkildə pisləşdirə bilər. Mütəxəssislər isə belə havalarda daha rahat yatmağa kömək edən sadə üsulları açıqlayıblar.

News24.az xəbər verir ki, onların sözlərinə görə, isti gecələrdə ən uyğun yatış forması "dəniz ulduzu" pozasıdır. Bu vəziyyətdə insan kürəyi üstə uzanaraq qollarını və ayaqlarını geniş şəkildə açır.

Mütəxəssislər bildirirlər ki, bu pozisiya bədənin ətrafında hava dövranını yaxşılaşdırır və artıq istiliyin xaric olmasına kömək edir. Onun sözlərinə görə, gecə vaxtı həddindən artıq isinmə xüsusilə dərin yuxu mərhələsini qısaldır ki, bu da insanın səhər yorğun oyanmasına səbəb olur.

Əgər yatağı kiminləsə bölüşürsünüzsə, yan üstə yatmaq da faydalı hesab edilir. Bu vəziyyət bel nahiyəsində istiliyin azalmasına və bədənin daha tez soyumasına kömək edir.

Həkimlər həmçinin gün ərzində kifayət qədər su qəbul etməyin vacibliyini vurğulayıblar. Orqanizmin susuz qalmaması gecə saatlarında temperaturun daha yaxşı tənzimlənməsinə şərait yaradır, lakin yatmazdan əvvəl həddindən artıq su içmək məsləhət görülmür.

İsti gecələrdə yatmazdan təxminən bir saat əvvəl ilıq duş qəbul etmək də tövsiyələr sırasındadır Bu, qan damarlarının genişlənməsinə səbəb olur və bədənin sonradan daha effektiv şəkildə soyumasına kömək edir.

Maraqlı məsləhətlərdən biri də corabları bir qədər nəmləndirib təxminən 10 dəqiqə dondurucuda saxlamaqdır. Mütəxəssisin sözlərinə görə, ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynadığından sərin corablar yuxuya getməyi asanlaşdıra bilər.

Bundan əlavə, sintetik və qalın yataq dəstləri əvəzinə pambıq və ya bambuk kimi təbii materiallardan hazırlanan yataq ləvazimatlarından istifadə etmək tövsiyə olunur. Bu materiallar havanı daha yaxşı keçirdiyi üçün isti havalarda rahat yuxuya şərait yaradır.