İsti havalarda nə yeməli, nə içməli?

İsti havalarda nə yeməli, nə içməli? Sağlamlıq

Yüksək temperatur və rütubət orqanizmdə maye və mineral itkisini artırır.

News24.az xəbər verir ki, güclü tərləmə nəticəsində yaranan su və mineral çatışmazlığı huşun itirilməsinə, başgicəllənmə və ürəkbulanma kimi hallara səbəb ola bilər.

Xüsusilə xroniki xəstəlikləri olan şəxslər, yaşlılar, azyaşlı uşaqlar, hamilələr və açıq havada çalışan şəxslər isti havadan daha çox təsirlənir.

Xarici mətbuatda bildirilir ki, bədən çəkisinin hər kiloqramına təxminən 35 millilitr su qəbul etmək tövsiyə olunur. Bu, böyüklər üçün gün ərzində orta hesabla 2,5-3 litr su deməkdir.

Həmçinin isti havalarda çay, qəhvə və qazlı içkilərin əvəzinə ayran, yarımyağlı süd və təzə meyvə şirələrinə üstünlük verilməsi məsləhət görülüb.

Bununla yanaşı, yağlı və ağır qidalardan, qızartmalardan və xəmir işlərindən uzaq durmaq tövsiyə edilib. Daha çox tərəvəz, az yağlı pendir və zeytun kimi yüngül qidalara üstünlük verilməsi, yeməklərin isə qaynadılmış, qrildə və ya az suda hazırlanması məsləhət görülüb.

Vətəndaşlara həmçinin açıq rəngli və geniş geyimlər geyinmək, bədən temperaturunu tarazlamaq üçün ilıq duş qəbul etmək tövsiyə olunub. (Milli.az)