Çiyələk qan şəkərinə necə təsir edir? – Araşdırmanın nəticələri açıqlandı
Sağlamlıq
Çiyələk lif, vitamin və polifenollarla zəngin olmaqla yanaşı, təbii şəkər miqdarının az olması ilə seçilir. "Verywell Health" nəşrinin məlumatına görə, bu xüsusiyyətləri sayəsində giləmeyvə qan şəkərinin səviyyəsinə müsbət təsir göstərə bilər.
News24.az xəbər verir ki, araşdırmaya əsasən, çiyələk əksər insanlarda qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə artırmır. Prediabet və ya insulinə qarşı həssaslığı azalmış şəxslərdə isə qan şəkərinə nəzarətin yaxşılaşmasına kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, çiyələyin glisemik indeksi təxminən 25-dir. Bu göstərici onun qan şəkərini sürətlə yüksəltmədiyini göstərir. Meyvənin tərkibinin böyük hissəsini su təşkil edir, karbohidrat miqdarı isə azdır. Tərkibindəki lif həzmi ləngidərək qlükozanın qana tədricən sorulmasına şərait yaradır.
Araşdırmalara görə, çiyələyin tərkibindəki antosianlar, xüsusilə də meyvəyə qırmızı rəng verən pelarqonidin maddəsi insulinə həssaslığı artırmağa kömək edə bilər. Bununla yanaşı, bu maddələr yeməkdən sonra yaranan iltihabi prosesləri azaltmağa da müsbət təsir göstərir.
Klinik tədqiqatlar göstərib ki, prediabet, insulinrezistentlik və metabolik sindromu olan şəxslərdə çiyələyin müntəzəm qəbulu qan şəkərinə nəzarəti yaxşılaşdırır, insulin müqavimətini və qanda şəkərin göstəricilərini azalda bilir. Bununla belə, alimlər vurğulayırlar ki, əldə olunan effekt yalnız çiyələk müntəzəm istehlak edildiyi müddətdə müşahidə olunur.
Mütəxəssislər qeyd edirlər ki, çiyələk sağlam qidalanmanın faydalı hissəsi sayılsa da, diabetin müalicəsini və ya həkim təyin etdiyi dərmanları əvəz edə bilməz.
Araşdırmalarda sağlam insanlarda çiyələyin qan şəkərinə ciddi təsiri müəyyən edilməsə də, onun ürək-damar sağlamlığı, iltihabın azalması və maddələr mübadiləsinə müsbət təsir göstərdiyi bildirilib.