Kişilərin sağlamlığı üçün ən təhlükəli qidalar AÇIQLANDI
Sağlamlıq
Kişilərin gündəlik qidalanmasında bəzi məhsulların həddindən artıq istifadəsi hormonal balans və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
News24.az xəbər verir ki, uroloq Leonid Boxanov kişilərin sağlamlığı üçün əsas risk yaradan məhsullar arasında pivə və digər spirtli içkiləri, fast food və trans yağları, şəkərli məhsulları, enerji içkilərini, həmçinin kolbasa və hisə verilmiş ət məhsullarını qeyd edib.
Həkim fast food və trans yağların damar sağlamlığı üçün təhlükəli olduğunu vurğulayıb. Bu məhsullar damarların elastikliyini azalda və qan dövranını poza bilər. Bu isə erektil funksiyaya mənfi təsir göstərən amillərdən biridir.
Şəkər və rafinə edilmiş karbohidratların həddindən artıq istifadəsi də riskli hesab olunur. Şəkərli qazlı içkilər və un məmulatları artıq çəki, insulin müqaviməti və hormonal dəyişikliklərlə əlaqələndirilir.
Enerji içkiləri də uroloqun diqqət çəkdiyi məhsullar sırasındadır. Tərkibindəki yüksək miqdarda kofein və şəkərin qan təzyiqinə və damar sisteminə təsir göstərə biləcəyi bildirilir.
Kolbasa və hisə verilmiş ət məhsullarının tərkibindəki yüksək duz və bəzi əlavə maddələr isə uzunmüddətli istifadədə qan təzyiqinin yüksəlməsinə və damar sağlamlığının pisləşməsinə səbəb ola bilər.
Boxanov kişilərə rasionda balıq, tərəvəz, göyərti, qoz-fındıq, avokado, zeytun yağı, həmçinin sinklə zəngin məhsullara üstünlük verməyi tövsiyə edib.
Həkim xüsusilə 30 yaşdan yuxarı kişilərə spirtli içkilər, fast food və şəkərli məhsulların qəbulunu məhdudlaşdırmağı, balanslı qidalanmağa və fiziki aktivliyə diqqət yetirməyi məsləhət görüb.