Koronavirusun gizli təsiri: İllər sonra bu xəstəliklərə səbəb olur

Koronavirusun gizli təsiri: İllər sonra bu xəstəliklərə səbəb olur Sağlamlıq

Rusiyada Seçenov Universitetinin alimləri koronavirus izlərinin COVID-19 keçirən insanların orqanizmində uzun müddət qala və bəzi xəstəliklərin inkişafına təsir göstərə biləcəyini deyiblər.

News24.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislər koronavirusun RNT-sini və zülallarını infeksiyadan aylar, hətta illər sonra ağciyərlərdə, mədə-bağırsaq traktında, ürəkdə və endometriumda aşkar ediblər.

Araşdırma nəticəsində məlum olub ki, koronavirus ağciyərlər də daxil olmaqla, orqanizmin müxtəlif hissələrində uzun müddət qala bilər.

Bildirilib ki, COVID-19-dan sonrakı sindrom ən çox xroniki obstruktiv ağciyər xəstəliyinin yaranması ilə əlaqəli olub. Bundan əlavə, bəzi pasiyentlərdə xroniki iltihab aşkarlanıb.

COVID-19-dan sonrakı sindromun ağciyər xərçənginin gedişi ilə də əlaqəli olduğu müəyyən edilib.

Bir sıra pasiyentlərdə virusun həm xərçəng hüceyrələrinə, həm də endotel hüceyrələrinə — qan damarlarının daxili səthini örtən hüceyrələrə yoluxduğu aşkarlanıb.

Mədə-bağırsaq sistemi ilə bağlı problemlər arasında ən çox qaraciyər patologiyalarına rast gəlinib. Həmçinin mədə, nazik və yoğun bağırsaqlar, eləcə də mədəaltı vəzi zədələnmələri qeydə alınıb.

Seçenov Universitetinin nümayəndələrinin bildirdiyinə görə, COVID-19-dan sonrakı dövrdə bəzi pasiyentlərin ürəyində də dəyişikliklər müşahidə olunub. Onlardan bəziləri miokarditdən və ürək çatışmazlığından əziyyət çəkib.