Şəkər əvəzedicisinin zərərləri aşkarlandı

Şəkər əvəzedicisinin zərərləri aşkarlandı Sağlamlıq

Sukraloza (şəkər əvəzedici) ilə bağlı siçanlar üzərində araşıdrma aparılıb.

News24.az xəbər verir ki, alimlər 14 həftə ərzində siçanlara beş milliqram sukraloza veriblər. Təcrübədəki heyvanların bir hissəsi xroniki stressə məruz qalıb. Məqsəd stressin şəkər əvəzedicisinə təsiri müəyyənləşdirmək olub.

Təcrübə göstərib ki, sukraloza bağırsaq mikroflorasının tərkibini dəyişib və bakteriyaların müxtəlifliyini azaldıb.

Heyvanların qaraciyərində xolesterin mübadiləsinin tənzimlənməsi pozulsa da, qanda xolesterinin səviyyəsində ciddi dəyişiklik qeydə alınmayıb.

Tədqiqatçılar, həmçinin qaraciyərdə iltihabla əlaqəli genlərin fəaliyyətində dəyişikliklər aşkarlayıblar.

Alimlərin sözlərinə görə, dəyişikliklər beyinə də təsir edib. Heyvanlarda sinir toxumasının iltihab əlamətləri güclənib, davranışlarında isə depressiyaya bənzər xüsusiyyətlər daha çox müşahidə olunub.

Tədqiqat müəllifləri bu təsirlərin bağırsaq, qaraciyər və beyin arasındakı qarşılıqlı əlaqə ilə bağlı ola biləcəyini düşünürlər.

Bununla belə, prosesin dəqiq mexanizmlərinin müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Alimlər vurğulayırlar ki, tədqiqat yalnız siçanlar üzərində aparılıb. Buna görə də eyni təsirlərin insanlarda da yarandığını söyləmək hələ mümkün deyil.

Sukralozanın insan sağlamlığı üçün potensial risklərini qiymətləndirmək məqsədilə əlavə tədqiqatlar aparılmalıdır.