Şəkərli diabetlə qarışdırılan xəstəlik: Güclü susuzluq və tez-tez sidiyə getmə əsas əlamətlərdir
Sağlamlıq
Diabet insipidus (şəkərsiz diabet) qanda qlükoza səviyyəsinin normal olmasına baxmayaraq, orqanizmdə maye balansının pozulması ilə xarakterizə olunan xəstəlikdir.
News24.az xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya şöbəsinin baş elmi işçisi Valeri Litvinov RT-yə açıqlamasında bildirib.
O qeyd edib ki, xəstəliyin əsas səbəbi böyrəklərin orqanizmdə suyu saxlamağına kömək edən vazopressin hormonunun çatışmazlığı və ya onun təsirinə qarşı həssaslığın azalmasıdır.
Mütəxəssisin sözlərinə görə, bu pozuntu nəticəsində böyrəklər suyu lazımi səviyyədə saxlaya bilmir və orqanizm böyük miqdarda maye itirir. Həkim qeyd edib ki, xəstəliyin əsas əlamətləri davamlı və güclü susuzluq, həmçinin tez-tez və çox miqdarda sidiyə getməkdir. Bu hallar gecə saatlarında da müşahidə oluna bilər.
Kifayət qədər maye qəbul edilmədikdə isə orqanizmdə sürətlə susuzlaşma yaranır. Bu, zəiflik, dərinin quruması, baş ağrısı və ürək döyüntüsünün sürətlənməsi ilə müşayiət oluna bilər.
Valeri Litvinov xəbərdarlıq edib ki, xəstəlik vaxtında nəzarətə götürülmədikdə ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə, orqanizmdə elektrolit balansının pozulması qıcolma, şüur bulanıqlığı və hətta komaya gətirib çıxara bilər. Uşaqlarda isə fiziki və zehni inkişafın ləngiməsi riski mövcuddur.
Müalicənin xəstəliyin növündən asılı olduğunu bildirən mütəxəssis qeyd edib ki, vazopressin çatışmazlığı zamanı onun sintetik analoqlarından istifadə edilir. Bu preparatlar tablet, burun spreyi və ya inyeksiya formasında təyin oluna bilər. Digər hallarda isə sidikqovucu və iltihabəleyhinə preparatlardan istifadə mümkündür.