Nazirlik əhaliyə xəbərdarlıq etdi

Nazirlik əhaliyə xəbərdarlıq etdi Sağlamlıq

“İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir”.

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır: “Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir”.

O qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər: “Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır”.