Övladınız bunu edirsə təcili həkimə müraciət edin - Valideynlərə xəbərdarlıq

Övladınız bunu edirsə təcili həkimə müraciət edin - Valideynlərə xəbərdarlıq Sağlamlıq

Bir çox insan yatarkən, kompüter qarşısında işləyərkən və ya gəzərkən ağızdan nəfəs alır və bunun fərqinə varmır.

News24.az xəbər verir ki, rusiyalı plastik cərrah və LOR həkimi İlyana Qonçarova bu vərdişin təkcə boğaz və dişlərə deyil, həm də üz cizgilərinə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Həkimin sözlərinə görə, burun sadəcə havanın keçdiyi orqan deyil. O, nəfəs aldığımız havanı isidir, nəmləndirir, təmizləyir və ağciyərlərə daxil olmağa hazırlayır.

Mütəxəssis qeyd edib ki, burun yollarının quruluşu sayəsində hava daha dərin və bərabər şəkildə qəbul edilir.

Ağızdan nəfəs aldıqda isə orqanizmə daha çox soyuq, quru və təmizlənməmiş hava daxil olur. Bu da aşağı tənəffüs yollarına düşən yükü artıraraq ağciyər xəstəliklərinin yaranmasına şərait yarada bilər.

Eyni zamanda ağız boşluğunun selikli qişası quruyur, tüpürcəyin dişləri və diş ətlərini bakteriyalardan qoruma qabiliyyəti zəifləyir.

Nəticədə kariyes, stomatit, xroniki faringit və tonzillit kimi xəstəliklər yarana bilər.

Həkim vurğulayıb ki, insanlar çox vaxt vərdişdən deyil, burunla nəfəs almaqda çətinlik çəkdikləri üçün ağızdan nəfəs alırlar. Bunun səbəbi burun çəpərinin əyriliyi, burun balıqqulaqlarının böyüməsi, poliplər və ya xroniki sinusit ola bilər.

Onun sözlərinə görə, bu vərdiş xüsusilə uşaqlar üçün təhlükəlidir. Çünki uşaqlıq dövründə üz skeleti hələ formalaşma mərhələsində olur.

Həkim qeyd edib ki, adenoidlər səbəbindən daim ağızdan nəfəs alan uşaqlarda alt çənənin inkişafı pozula və çənə geriyə doğru çəkilə bilər. Nəticədə mikronatiya – alt çənənin inkişafdan qalması yaranır. Bu hal yetkin yaşda çənənin geridə olması və çənə xəttinin zəif görünməsi ilə özünü büruzə verə bilər.

Mütəxəssis valideynlərə uşaqlarının yuxu zamanı ağzı açıq yatmasına, xoruldamasına və burnunun daim tutulmasına diqqət yetirməyi tövsiyə edib.

Onun sözlərinə görə, vaxtında LOR həkiminə müraciət etməklə tənəffüs problemini aradan qaldırmaq, üz skeletinin düzgün inkişafını təmin etmək və gələcəkdə mümkün fəsadların qarşısını almaq mümkündür.