Payızda xəstələnməmək üçün sadə üsullar

Payızda xəstələnməmək üçün sadə üsullar Sağlamlıq

Rusiyalı həkim-terapevt Yevgeniya Krujkova payız mövsümü ərəfəsində immuniteti gücləndirməyin bir neçə sadə yolunu açıqlayıb.

News24.az xəbər verir ki, həkim ilk növbədə yuxu rejimini bərpa etməyin vacibliyini vurğulayıb.

Gündə 7 saatdan az yatmaq orqanizmin müdafiə zülallarının yaranmasını azaldır və viruslara qarşı həssaslığı artırır. Keyfiyyətli yuxu üçün yatmazdan əvvəl qəhvə və çaydan imtina etmək, yuxudan 1–2 saat əvvəl telefon və digər cihazları kənara qoymaq, qaranlıq otaqda yatmaq tövsiyə olunur.

İkinci vacib addım bağırsaq sağlamlığını qorumaqdır. Bunun üçün qidalanmada kifayət qədər zülal, faydalı yağlar və minerallar olmalıdır.

Həkim həftədə 2–3 dəfə ağ balıq yeməyi, qidalanmaya mövsümi tərəvəzlər və turşu kələm əlavə etməyi məsləhət görüb.

Mütəxəssis həmçinin daha çox hərəkət etməyi, hər gün piyada gəzməyi və açıq havada vaxt keçirməyi tövsiyə edib. Fiziki aktivlik stressi azaltmağa kömək edir, stress isə immun sisteminə mənfi təsir göstərir.

Bundan başqa, evə qayıtdıqdan sonra, xüsusilə ictimai nəqliyyatdan istifadə etdikdən sonra, burunu fizioloji məhlul və ya dəniz suyu ilə yumaq məsləhət görülür.

Həkimin sözlərinə görə, normal yuxu rejimi, düzgün qidalanma, bağırsaq sağlamlığının qorunması və sadə profilaktik tədbirlər orqanizmi payız mövsümündə soyuqdəymə və viruslara qarşı daha hazırlıqlı edə bilər.