Pəhriz saxlasanız da arıqlaya bilmirsiniz?
Sağlamlıq
Pəhriz saxlamağa və müntəzəm idman etməyə baxmayaraq, tərəzidə çəkinin dəyişməməsi insanı ruhdan sala bilər. Bunun səbəbi isə bəzən fərqində olmadan edilən qidalanma və həyat tərzi səhvləri olur.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bunun bir çox səbəbi ola bilər.
Pəhriz və idmana baxmayaraq çəkinin azalmamasının ən geniş yayılmış səbəblərindən biri gün ərzində fərqində olmadan normadan artıq kalori qəbul etməkdir. Porsiyalara nəzarət etməmək, ara yeməkləri və qəlyanaltıları hesaba almamaq, həftəsonları normadan çox qidalanmaq ümumi kalori balansını poza bilər.
Maddələr mübadiləsinin həqiqətən yavaş işləyib-işləmədiyini müəyyənləşdirmək üçün dolayı kalorimetriya adlı testdən istifadə olunur. Bu müayinə zamanı insan istirahət edərkən qəbul etdiyi oksigen və xaric etdiyi karbon qazının miqdarı ölçülür. Bunun əsasında orqanizmin sakit vəziyyətdə nə qədər enerji sərf etdiyi hesablanır.
Əldə edilən nəticə insanın yaşı, cinsi və bədən quruluşuna uyğun göstəricilərlə müqayisə edilir. Belə hallarda qalxanabənzər vəzin fəaliyyətini göstərən hormonlar, qan şəkəri, insulin səviyyəsi və kortizol kimi göstəricilər də yoxlanıla bilər.
Uzun müddət həddindən artıq az kalorili qidalanmaq orqanizmin enerji sərfiyyatını azalda bilər. Gündəlik 1000 kaloridən aşağı qidalanmanın isə enerji çatışmazlığı, əzələ itkisi və sonradan itirilən çəkinin geri qayıtması riskini artıra biləcəyini bildirilib.
Uzun müddət ac qaldıqdan sonra həddindən artıq yemək də ümumi kalori balansını poza bilər.
Mütəxəssislər sərt məhdudiyyətlər əvəzinə, fərdi ehtiyaclara uyğun qidalanma planı qurmağı, kifayət qədər zülal qəbul etməyi və davamlı şəkildə tətbiq edilə bilən vərdişlər formalaşdırmağı tövsiyə edirlər. Kalori çatışmazlığının miqdarı isə insanın sağlamlıq vəziyyətinə və enerji ehtiyacına uyğun müəyyənləşdirilməlidir.
Güc məşqləri: Əzələ kütləsinin artırılması orqanizmin istirahət zamanı sərf etdiyi enerjiyə müəyyən təsir göstərə bilər.
Zülalla zəngin qidalanma: Zülalın həzmi zamanı orqanizm daha çox enerji sərf edir. Lakin zülal ehtiyacı fərdi olaraq hesablanmalıdır.
Keyfiyyətli yuxu: Böyüklər üçün gündə 7–9 saat yuxu tövsiyə olunur. Yuxu rejimi aclıq və toxluq hissini tənzimləyən mexanizmlərlə əlaqəlidir.
Gündəlik hərəkət: Gəzinti, pilləkənlə qalxmaq və gün ərzində daha aktiv olmaq enerji sərfiyyatını artırır.
Kofein və yaşıl çay: Bu vasitələr enerji sərfiyyatına qısamüddətli təsir göstərə bilər, lakin öz-özlüyündə davamlı arıqlama təmin etmir.
Qan şəkərinin, son üç ayın orta qan şəkərini göstərən HbA1c göstəricisinin, triqliseridlərin və xolesterinin yaxşılaşması, eləcə də təzyiqin normallaşması sağlamlıq vəziyyətində müsbət dəyişikliklərə işarə edə bilər.