Qanda şəkərin yüksəldiyini göstərən gizli əlamətlər
Sağlamlıq
Qanda şəkərin yüksək olması hər zaman açıq əlamətlərlə özünü göstərmir. Mütəxəssislər bildirirlər ki, xüsusilə 2-ci tip diabet illərlə inkişaf edə və uzun müddət nəzərdən qaça bilər.
News24.az xəbər verir ki, məlumata görə, davamlı susuzluq hissi və tez-tez sidiyə getmək qanda şəkərin yüksəlməsinin ən geniş yayılmış əlamətlərindəndir. Bundan əlavə, daimi aclıq hissi, səbəbsiz yorğunluq və görmənin bulanıqlaşması da diqqət yetirilməli simptomlar sırasındadır.
Mütəxəssislər qeyd edirlər ki, yüksək şəkər səviyyəsi sidik yolları infeksiyalarının riskini artırır, həmçinin dəridə dəyişikliklərə səbəb ola bilər. Boyun, qoltuqaltı və qasıq nahiyəsində tünd rəngli ləkələrin əmələ gəlməsi insulin müqaviməti ilə əlaqəli ola bilər.
Bundan başqa, saç tökülməsi, ağız quruluğu, əl və ayaqlarda keyimə və ya qarıncalanma, yaraların gec sağalması və ürəkbulanma kimi əlamətlər də qanda şəkərin yüksək olmasından xəbər verə bilər.
Mütəxəssislər vurğulayırlar ki, diabetin ilkin mərhələlərində simptomlar zəif ifadə oluna və ya ümumiyyətlə görünməyə bilər. Buna görə də sadalanan əlamətlərdən bir neçəsi müşahidə olunarsa, qanda qlükoza səviyyəsinin yoxlanılması tövsiyə edilir. (“EatingWell”)