Qızılca ilə bağlı vaksinasiya başlayır? - — ÇAĞIRIŞ EDİLDİ

Qızılca ilə bağlı vaksinasiya başlayır? - — ÇAĞIRIŞ EDİLDİ Sağlamlıq

Hazırda Azərbaycanda qızılca virusu sürətlə yayılır. Dünyanın aparıcı səhiyyə təşkilatları da virusun sürətlə yayılmasından narahat olur və bildirirlər ki, hazırda qızılca tam yeni bir formada təzahür edir. Hətta daha öncə qızılcaya yoluxan insanların ikinci dəfə də yoluxmasına şahid oluruq. Qızılca xəstəliyi uşaqlarda daha çox rast gəlinsə də, orta yaşlı insanların da bu virusa yoluxmasını müşahidə edirik. Bu zaman belə bir sual yaranır: Qızılca əleyhinə edilən peyvəndlər insanları bu virusa yoluxmaqdan qorumur? Qızılcaya yoluxmamaq üçün yenidən peyvəndlənməyə ehtiyac varmı? Qızılca mutasiyaya uğraya bilərmi?

Yuxarıda qeyd etdiyimiz suallarla professor Adil Qeybullaya müraciət etdik. Adil Qeybulla News24.az-a açıqlamasında bildirdi ki, qızılca virusu mutasiyaya uğraya bilir:

"Qızılcanın yeni formada ortaya çıxması Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in milli peyvənd proqramına bütün dünyada düzgün əməl edilməməsi ilə bağlıdır. Dünyada və Azərbaycanda da vaksindən yayınmalar olub. Hətta peyvənddən imtina edən valideynlər ərizələr də yazıb. Digər tərəfdən koronavirus insan orqanizmində yeni bir situasiya yaradıb. Bu gün də COVİD-19-a yoluxan xəstələr tez-tez soyuqdəymə, immun sisteminin zəifləməsi ilə bağlı şikayətlər edirlər. Bəzi xəstəliklərin statistikasının artması və qızılcanın bu gün yeni formada ortaya çıxması sadaladığımız faktorlarla bağlıdır".

Professor qeyd edib ki, kütləvi vaksinasiyaya başlamaq lazımdır: "Əvvəlcə uşaqlar, sonra isə böyüklər vaksinasiya prosesinə cəlb edilməlidir".  

Qumral