Qrip mövsümü başladı: İnfeksionistdən vacib XƏBƏRDARLIQ

Qrip mövsümü başladı: İnfeksionistdən vacib XƏBƏRDARLIQ Sağlamlıq

Havaların qəfil soyuması ilə qrip və digər mövsümi xəstəliklərə yoluxma halları artıb. Son iki həftədə çox sayda insan boğaz ağrısı, burun tıxanması, yüksək hərarətdən şikayətlənir, temperaturun qəfil enməsinin onları payıza hazırlıqsız yaxaladığını deyirlər.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları, o cümlədən mövsümi qrip, hər il müşahidə olunan xəstəliklərdəndir: “Temperaturunun aşağı düşməsi və insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi respirator virusların yayılması üçün əlverişli şərait yarada bilər. Bununla belə, bu hal mövsümi xarakter daşıyır və özlüyündə qeyri-adi vəziyyət kimi qiymətləndirilməməlidir.

Havanın soyuması orqanizmin müdafiəsinə müəyyən təsir göstərə bilər. Xüsusilə qapalı məkanlarda havanın quru olması və otaqların kifayət qədər havalandırılmaması tənəffüs yollarının selikli qişasının qoruyucu funksiyasını zəiflədə bilər. Bu baxımdan mövsümə uyğun sadə profilaktik tədbirlərə əməl etmək kifayətdir”.

Mütəxəssisin sözlərinə görə, mövsümi respirator infeksiyalardan qorunmaq üçün əllərin mütəmadi yuyulması, qapalı məkanların havalandırılması, kifayət qədər yuxu və balanslı qidalanma, eləcə də xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasın məhdudlaşdırılması tövsiyə olunur: “Qripdən qorunmanın ən effektiv üsullarından biri isə mövsümi qripə qarşı peyvənd olunmaqdır.

Qripə və ya digər respirator infeksiyaya xas əlamətlər – halsızlıq, hərarət, boğaz ağrısı, öskürək və s. müşahidə olunduqda istirahət etmək, kifayət qədər maye qəbul etmək və özünüqoruma tədbirlərinə riayət etmək tövsiyə olunur. Antibiotiklərin viruslara təsir göstərmədiyi nəzərə alınmalı və onlar həkim təyinatı olmadan qəbul edilməməlidir.

Əksər hallarda respirator virus infeksiyaları yüngül keçir və müvafiq simptomatik tədbirlərlə sağalma ilə nəticələnir. Lakin nəfəs almaqda çətinlik, döş qəfəsində ağrı, davamlı yüksək hərarət, vəziyyətin kəskin pisləşməsi və ya simptomların uzanması müşahidə edilərsə, həkimə müraciət etmək lazımdır. Xüsusilə azyaşlı uşaqlar, yaşlı şəxslər, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər xəstəlik əlamətləri yarandıqda daha diqqətli olmalıdırlar”.