Qırmızı, yoxsa yaşıl üzüm? – Hansının daha faydalı olduğu açıqlandı
Sağlamlıq
Qırmızı və yaşıl üzüm oxşar qida dəyərinə malik olsa da, qırmızı üzüm tərkibində daha çox antioksidant olduğu üçün sağlamlıq baxımından üstün hesab olunur.
News24.az xəbər verir ki, bu barədə "Verywell Health" nəşri məlumat yayıb.
Məlumata görə, qırmızı üzümdə yaşıl üzümlə müqayisədə flavonoidlər – xüsusilə kversetin və mirisetin – daha çoxdur. Həmçinin qırmızı üzüm resveratrol və antosianlar baxımından da daha zəngindir.
Resveratrol güclü antioksidant olmaqla yanaşı, iltihabəleyhinə, ürəyi və sinir sistemini qoruyan təsirlərə malikdir. Bu maddə üzümün qabığında yerləşdiyi üçün qabığı ilə birlikdə hazırlanan qırmızı şərabda onun miqdarı ağ şərabla müqayisədə daha yüksək olur.
Qırmızı üzümün rəngini verən antosianlar isə antioksidant, diabetə qarşı, şişəleyhinə, iltihabəleyhinə və antimikrob xüsusiyyətləri ilə seçilir. Bu maddələrdən qida sənayesində mürəbbə və içkilər kimi məhsullarda bənövşəyi rəngləndirici kimi də istifadə edilir.
Mütəxəssislər qeyd edirlər ki, hər iki üzüm növü faydalıdır, lakin daha yüksək antioksidant qəbul etmək istəyənlər üçün qırmızı üzüm daha əlverişli seçim hesab olunur.