Qulağında cingilti olanların diqqətinə!
Sağlamlıq
Osteoxondrozun qulaqda küyün yaranmasına səbəb olması ilə bağlı geniş yayılmış fikir tibbi baxımdan təsdiqlənmir.
News24.az xəbər verir ki, terapevt Olqa Suxareva bu barədə özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, qulaqda küyün yaranması müxtəlif səbəblərlə əlaqəli ola bilər. Bunlara otit, eşitmə qabiliyyətinin zəifləməsi və qulaq kirinin toplanması kimi eşitmə sistemi ilə bağlı problemlər daxildir.
Həkim digər mümkün səbəblər arasında çənə oynağının disfunksiyasını, yüksək arterial təzyiqi və damar problemlərini də qeyd edib.
Bundan başqa, xroniki stress və narahatlıq pozğunluqları da qulaqda küyün yaranmasına və ya mövcud simptomların şiddətlənməsinə təsir göstərə bilər. Bəzi hallarda isə bu vəziyyət müəyyən dərman preparatlarının yan təsiri kimi ortaya çıxa bilər. Belə preparatlara bəzi antibiotiklər, iltihab əleyhinə dərmanlar və sidikqovucular daxildir.
Məlumata görə, əvvəlki tədqiqatlarda aminoqlikozid qrupuna aid bəzi antibiotiklərin daxili qulaqda eşitmə və tarazlığa cavabdeh olan hüceyrələrə zərər verə biləcəyi müəyyən edilib. Bu risk yüksək dozada və uzunmüddətli müalicə zamanı, eləcə də böyrək funksiyasının pozulduğu hallarda arta bilər.