Sağlam hesab etdiyiniz bu 4 qida ürəyinizə zərər verə bilər

Sağlam hesab etdiyiniz bu 4 qida ürəyinizə zərər verə bilər Sağlamlıq

Ürək sağlamlığını qorumaq üçün təkcə faydalı qidalar seçmək kifayət etmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, sağlam hesab olunan bəzi məhsullar əslində ürəyə zərər verə bilər.

News24.az xəbər verir ki, bu barədə "Verywell Health" kardioloqlara istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, aşağıdakı məhsullar ehtiyatla istehlak edilməlidir:

  • Dondurulmuş yoqurt – Dondurmadan daha sağlam hesab olunsa da, tərkibində şəkər miqdarı çox yüksək ola bilər. Bu isə çəki artımına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb olur.

  • Qranola batonları – Tərkibində yulaf və çərəz olsa da, bir çoxunda şokolad batonları qədər şəkər, həmçinin palma və kokos yağı kimi doymuş yağlar olur.

  • Kokos yağı – Bitki mənşəli olduğuna görə faydalı hesab edilsə də, tərkibinin təxminən 90 faizi doymuş yağlardan ibarətdir. Bu da xolesterinin yüksəlməsinə və ürək xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

  • Qurudulmuş və emal olunmuş ət məhsulları – Hot-doq, salam, kolbasa, pepperoni və digər emal olunmuş ətlər yüksək miqdarda natrium, nitrat və nitrit ehtiva edir. Araşdırmalar bu məhsulların ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqəli olduğunu göstərir.

Kardioloqlar ürək sağlamlığını qorumaq üçün balıq, quş əti, yağsız qırmızı ət, paxlalılar, mərci, noxud, tofu, çərəzlər və toxumlar kimi təbii zülal mənbələrinə üstünlük verməyi, qidalanmada tərəvəz, meyvə, tam taxıllar və zeytun yağı kimi sağlam yağlardan daha çox istifadə etməyi tövsiyə edirlər.