Saqqızdan zəhərlənmə təhlükəsi: Nələrə diqqət etmək lazımdır?

Saqqızdan zəhərlənmə təhlükəsi: Nələrə diqqət etmək lazımdır? Sağlamlıq

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Onlarda ümumi halsızlıq və ürəkbulanma əlamətləri müşahidə olunub. Məktəb rəhbərliyi dərhal təcili tibbi yardıma müraciət edib və şagirdlər aidiyyəti tibb müəssisəsinə çatdırılıb.

İlkin araşdırmalar göstərib ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığında yerləşən marketdən saqqız alıb və onu sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, uşaqların narahatlığı saqqızla bağlı ola bilər.

Maraqlıdır, saqqızdan zəhərlənmə mümkündürmü? Mümkündürsə, hansı hallarda baş verə bilər?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, əsas risk saqqızın tərkibindəki kimyəvi qatqılardan və etibarsız istehsalçılar tərəfindən hazırlanan məhsullardan qaynaqlana bilər:

“Təbii ki, saqqızdan zəhərlənmə çox nadir rast gəlinən haldır. Burada əsas olan dəqiq diaqnozu bilməkdir. Əgər saqqız keyfiyyətsizdirsə, mənşəyi bəlli olmayan yerdən alınıbsa və tərkibində kimyəvi qatqılar çoxdursa, bu, zəhərlənməyə səbəb ola bilər”.

Məhsəti Hüseynovanın sözlərinə görə, belə hallarda ilkin olaraq qarın ağrısı, ürəkbulanma, qusma, bəzən qəbzlik və ya görmənin pozulması kimi əlamətlər müşahidə oluna bilər:

“Bu simptomlar baş verərsə, dərhal həkimə müraciət edilməlidir. Xüsusilə azyaşlılar yüksək risk qrupudur. Onların orqanizmi keyfiyyətsiz məhsullara daha həssasdır”.

Mütəxəssis əlavə edib ki, zəhərlənmə şübhəsi yarandıqda ilk növbədə saqqızın istifadəsi dayandırılmalı və ciddi əlamətlər olduqda təcili tibbi yardıma müraciət edilməlidir.

“Belə halların qarşısını almaq üçün istehlakçılar yalnız etibarlı istehsalçıların sertifikatlı, markalı saqqızlarına üstünlük verməlidirlər. Qeyri-rəsmi məkanlarda satılan, tərkibi məlum olmayan saqqızlar həm gigiyenik, həm də kimyəvi baxımdan sağlamlıq üçün təhlükə yarada bilər”.