“Səssiz qatil” dırnaqlarda özünü belə göstərir

“Səssiz qatil” dırnaqlarda özünü belə göstərir Sağlamlıq

Yüksək xolesterin uzun müddət heç bir əlamət vermədən inkişaf edə bildiyi üçün tez-tez səssiz qatil adlandırılır, lakin bəzi hallarda orqanizm müəyyən siqnallar göndərir və bunlardan biri də dırnaqlarda müşahidə olunan dəyişikliklər ola bilər.

News24.az xəbər verir ki, Macarıstanın “Egészségkalauz” portalının məlumatına görə, mütəxəssislər dırnaqların vəziyyətinin bəzən qan dövranında baş verən problemləri əks etdirə biləcəyini bildirirlər. Bu əlamətlər yüksək xolesterinin birbaşa sübutu olmasa da, tibbi müayinəyə ehtiyac yaradan xəbərdaredici siqnallar hesab olunur.

Xüsusilə dırnaqların altında yaranan nazik tünd və ya qırmızı-qəhvəyi xətlər diqqət çəkir. “Splinter qanaxmaları” adlandırılan bu izlər dırnağın altına nazik qırıntı və ya tikan batmış görüntüsü yaradır.

Bundan başqa, dırnaqların tez qırılması, böyüməsinin ləngiməsi, rənginin dəyişməsi və quruluşunun pisləşməsi də qan dövranı problemlərinin əlaməti ola bilər. Mütəxəssislər qeyd edirlər ki, bu dəyişikliklər toxumaların kifayət qədər qanla təmin olunmaması ilə əlaqədar yarana bilər.

Yüksək xolesterin orqanizmdə “pis” xolesterin kimi tanınan LDL səviyyəsinin artmasına səbəb olur. Nəticədə damarların divarlarında piy yığıntıları əmələ gəlir, damarlar daralır və infarkt, insult kimi ürək-damar xəstəliklərinin riski yüksəlir.

Həkimlər bildirirlər ki, yalnız dırnaqlardakı dəyişikliklər deyil, göz qapaqlarında yaranan sarımtıl piy yığıntıları, ayaqlarda daimi soyuqluq hissi, ətrafların keyiməsi, yeriyərkən baldırlarda ağrı və qıcolmalar, həmçinin ayaqların tez yorulması da yüksək xolesterinin mümkün əlamətləri sırasındadır.

Mütəxəssislərin sözlərinə görə, yüksək xolesterin yalnız artıq çəkili insanlarda müşahidə olunmur. Qidalanma vərdişləri, həyat tərzi və genetik amillər də bu göstəriciyə təsir edə bilər. Xüsusilə “ailəvi hiperkolesterinemiya” adlanan irsi xəstəlik gənc yaşlarda belə xolesterinin təhlükəli həddə yüksəlməsinə səbəb ola bilər.

Həkimlər vurğulayırlar ki, dırnaqlardakı dəyişikliklər diaqnoz üçün kifayət deyil. Yüksək xolesterini müəyyən etməyin ən etibarlı yolu qan analizidir. Xüsusilə 40 yaşdan yuxarı şəxslərə, siqaret çəkənlərə, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlərə, eləcə də ailəsində ürək-damar xəstəlikləri olan insanlara mütəmadi olaraq xolesterin səviyyəsini yoxlatdırmaq tövsiyə olunur.

Mütəxəssislər həmçinin fiziki aktivliyin artırılmasını, siqaretdən uzaq durmağı, çəkiyə nəzarət etməyi və tərəvəz, meyvə, paxlalılar və tam taxıl məhsulları ilə zəngin qidalanma rejiminə əməl etməyi məsləhət görürlər.