"Sosial media qadınları normal doğuşdan uzaqlaşdırır"
Sağlamlıq
“Sosial media qadınları normal doğuşdan uzaqlaşdırır və qeysəriyyəyə sürükləyir. Hər bir qadın fizioloji hamiləlik zamanı yalnız normal doğuş barədə düşünməli və ona hazırlaşmalıdır, çünki bu, aksiomadır – normal hamiləlik normal doğuşla nəticələnməlidir”.
News24.az xəbər verir ki, bu fikri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar Axundova səsləndirib.
Onun sözlərinə görə, bəzi situasiyalarda normal gedişat patologiyaya çevrilir və artıq burada həm həkim, həm də hamilə qadın hər bir riski düşünüb qərar verməlidir: “Hazırda dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının payı artaraq, təxminən 20-25%-ə çatıb. Bu göstərici bəzi ölkələrdə 50%-dən yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, bu göstərici 10-15%-dən yuxarı olmamalıdır. Məlumdur ki, qeysəriyyə kəsiyinə xüsusi göstərişlər olmalıdır və əməliyyat həkim konsiliumun qərarı ilə aparılır. Bəzən elə təcili situasiya olur ki, həkim təkbaşına (anestezioloq və digər cərrah ilə) bu qərarı verməli olur, lakin tibbi sənədləşdirmədə bu qərar öz izahını mütləq tapmalıdır. Məsələn, kəskin qanaxma, ciftin erkən ayrılması, köndələn vəziyyət, kliniki dar çanaq, uşaqlıqda çapıq (əsasən yararsız), miomalar, şişlər, dölün doğuş zamanı hipoksiyası, doğuş fəaliyyətinin zəifliyi, sağrı gəlişi, ağır ekstragenital xəstəliklər, ağır preeklampsiya (eklampsiya), EKM ilə hamiləlik, qadının yaşı və uzun müddət sonsuzluğun olması, ağır vaginizm (psixoloji pozulmalarla) və s. kimi hallarda bu qərar verilir”.