Sərinlənmək üçün bunu etmək təhlükəli ola bilər – Həkimlərdən xəbərdarlıq
Sağlamlıq
Kəskin isti havalarda bir çox insan soyumağın ən sadə yolu kimi üzərindəki geyimləri çıxarmağa çalışır, lakin həkimlərin fikrincə, bu vərdiş gözlənilməz təhlükələr yarada bilər.
News24.az-ın xəbərinə görə, təcili yardım həkimi bildirib ki, insan qızmar günəş altında olarkən bədəni tam açıq saxlamaq düzgün deyil. Onun sözlərinə görə, paltarsız dəri daha çox günəş şüasına məruz qalır və nəticədə daha sürətlə qızır.
Mütəxəssis isti havalarda təbii parçalardan hazırlanan, yüngül və bol geyimlərdən istifadə etməyi tövsiyə edir. Belə geyimlər həm birbaşa günəş şüalarından qoruyur, həm də orqanizmin normal temperaturunu saxlamağa kömək edir.
Həkim insanların tez soyumaq üçün üz tutduğu başqa bir üsul – soyuq suya qəfil tullanmaq barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, temperaturun kəskin dəyişməsi əzələ spazmı və “soyuq şok” yarada bilər. Bu zaman insan bədəninə nəzarəti itirə və ya suda boğulma təhlükəsi ilə üzləşə bilər. Xüsusilə temperaturu 15 dərəcədən aşağı olan su hövzələri daha riskli hesab edilir.
Mütəxəssis bədəni sərinlətmək üçün nəm və sərin dəsmalların qoltuqaltı nahiyələrə, kürəyə və ya bud hissəsinə qoyulmasını, həmçinin dəriyə sərin su püskürdülməsini məsləhət görür. Bununla belə, həddindən artıq sürətli soyutmanın da zərərli ola biləcəyini vurğulayır. Belə hallarda orqanizmin təbii istilik tənzimləmə mexanizmləri pozula və hətta hipotermiya yarana bilər.
Həkim günvurma əlamətləri müşahidə edilən kimi tibbi yardıma müraciət etməyin vacibliyini də xatırladıb. İstidən halı pisləşən şəxsin yanında kömək çağıracaq və onun vəziyyətini nəzarətdə saxlayacaq birinin olması tövsiyə olunur.
Günvurmanın əsas əlamətləri başgicəllənmə, halsızlıq, güclü baş ağrısı, ürəkbulanma, şüurun qarışması və koordinasiya pozğunluğudur. Bu simptomlar yaranarsa, dərhal kölgəyə və ya sərin məkana keçmək, bədəni soyutmağa başlamaq və tibbi yardım almaq lazımdır. ("Mirror" nəşri)