Tək qalmaq sağlamlığa necə təsir edir? - ARAŞDIRMA
Sağlamlıq
Yalnızlıq artıq təkcə psixoloji və sosial problem deyil. Elmi araşdırmalar göstərir ki, insanın sosial əlaqələrdən uzaqlaşması onun fiziki sağlamlığına və ömür uzunluğuna da ciddi təsir göstərə bilər.
News24.az xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma bu məsələyə fərqli yanaşma ortaya qoyub. Tədqiqatçılar hesab edirlər ki, yalnızlığı yalnız tibbi problem kimi qiymətləndirmək düzgün deyil. Çünki onun əsas səbəbləri çox vaxt insanın yaşadığı sosial mühit, ailə münasibətləri, iş şəraiti və cəmiyyətdən təcrid olunması ilə bağlıdır.
Araşdırmada diqqətə çatdırılır ki, əvvəlki elmi tədqiqatlar sosial əlaqələrin zəif olmasının vaxtından əvvəl ölüm riskini təxminən 30 faiz artıra biləcəyini göstərib. Hətta bəzi araşdırmalarda sosial təcridin sağlamlığa təsirinin gündə 15 siqaret çəkməklə müqayisə edilə biləcək səviyyədə olduğu qeyd olunub.
Bəs problemin həlli yalnız həkimə müraciət etməkdirmi?
Miçiqan Universitetinin tədqiqatçıları hesab edirlər ki, səhiyyə mütəxəssisləri tənhalıq yaşayan insanları müəyyən edə, onlara psixoloji və sosial dəstək xidmətlərinə yönləndirə bilərlər. Lakin həkimlər insanların sosial əlaqələrini bərpa edə, ailə münasibətlərini yaxşılaşdıra və ya cəmiyyətdə təcrid olunmanın qarşısını təkbaşına ala bilməzlər.
Tədqiqatın müəllifi, doktorant Sofia Hiltner problemin köklərinin daha geniş sosial müstəvidə araşdırılmasının vacibliyini vurğulayır.
Araşdırmada yaşlı insanların tənhalığa daha həssas olduğu da diqqətə çatdırılır. Həyat yoldaşını itirmək, ailə üzvlərinin uzaqda yaşaması, gündəlik ünsiyyətin azalması və sosial fəaliyyətlərdən kənarda qalmaq bu vəziyyəti daha da ağırlaşdıra bilər.
Alimlərin qənaətinə görə, yalnızlıqla mübarizə yalnız səhiyyə sisteminin deyil, ailənin, cəmiyyətin və sosial institutların da məsuliyyətidir.
Bəzən insanın sağlamlığı üçün dərman qədər diqqətə, ünsiyyətə və qayğıya da ehtiyacı olur. Yaxınlarımızla maraqlanmaq, yaşlı insanları tək qoymamaq, dostluq və ailə bağlarını qorumaq sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.