Tostu çox qızardanlar diqqət etsin: Təhlükə var!
Sağlamlıq
Ağ undan hazırlanan və dilimlənərək qablaşdırılan tost çörəyi bir çox ailənin gündəlik qida rasionunda yer alır, lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulun tez-tez istehlakı sağlamlıq üçün müəyyən risklər yarada bilər.
News24.az xəbər verir ki, “Noklapja” nəşrinin məlumatına görə, çörək özü-özlüyündə zərərli məhsul hesab edilmir, ancaq müasir un istehsalında geniş istifadə olunan rafinə edilmiş ağ unun hazırlanması zamanı taxılın xarici qatları çıxarıldığından onun tərkibindəki lif, vitamin və mineralların miqdarı azalır. Nəticədə belə məhsullar tam taxıllı çörəklərlə müqayisədə daha az qida dəyərinə malik olur.
Mütəxəssislər bildirirlər ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə istehlakçıların sürətli istehsal və rahat istifadəyə üstünlük verməsi səbəbindən qablaşdırılan və dilimlənən çörək məhsulları geniş yayılıb, lakin qidalanma sahəsində aparılan araşdırmalar göstərir ki, tez həzm olunan və qida dəyəri aşağı olan karbohidrat mənbələrinin həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər.
Araşdırmalara əsasən, yüksək dərəcədə emal olunan məhsulların müntəzəm istifadəsi piylənmə, 2-ci tip diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, qaraciyərin piylənməsi, maddələr mübadiləsinin pozulması və xroniki iltihabi proseslərin yaranma riskini artıra bilər.
Məqalədə qeyd olunur ki, müxtəlif əlavələrlə zənginləşdirilən bəzi ağ tost çörəkləri yüksək dərəcədə emal olunmuş qidalar kateqoriyasına daxil edilir. Bununla yanaşı, mütəxəssislər məhsulun necə istehlak edilməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayırlar.
Belə ki, bir çox insan tost çörəyini həddindən artıq qızardılmış, hətta yanmağa yaxın vəziyyətdə yeməyə üstünlük verir. Bu zaman isə sağlamlıq üçün zərərli hesab olunan bəzi birləşmələrin yaranma ehtimalı artır.
Mütəxəssislər bildirirlər ki, bir dilim tost çörəyi yemək insanı xəstələndirmir. Risk əsasən bu məhsulun müntəzəm və həddindən artıq istehlakı zamanı ortaya çıxır. Onların fikrincə, ən doğru yanaşma qadağalar deyil, balanslı qidalanmadır.
Bu səbəbdən gündəlik rasionda liflə zəngin tam taxıllı çörəklərə üstünlük verilməsi, ağ undan hazırlanan tost çörəyinin isə ölçülü şəkildə istehlak olunması tövsiyə edilir. Həmçinin çörəyin çox tünd qəhvəyi və ya qaralmış vəziyyətə qədər qızardılmaması məsləhət görülür.