Ürək üçün təhlükəli sayılan qidaların SİYAHISI

Ürək üçün təhlükəli sayılan qidaların SİYAHISI Sağlamlıq

Xolesterin orqanizmin normal fəaliyyəti üçün vacib olsa da, onun yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər xolesterinin artmasına səbəb olan qidaları və onların daha sağlam alternativlərini açıqlayıblar.

News24.az xəbər verir ki, bu barədə “WebMD” portalı məlumat yayıb.

Bildirilib ki, yumurta sarısı, yağlı pendirlər, krevetlər, mal qaraciyəri və fastfud məhsulları yüksək xolesterin tərkibi ilə seçilir. Xüsusilə qızardılmış yeməklərin müntəzəm istehlakı qandakı yağ göstəricilərinə mənfi təsir göstərə bilər.

Mütəxəssislər bu qidaların əvəzinə yumurta ağından, az yağlı pendirlərdən, toyuq döş ətindən və yağsız balıq növlərindən istifadə etməyi tövsiyə edirlər. Tuna, treska, hek və digər yağsız balıqlar ürək-damar sağlamlığı üçün daha faydalı hesab olunur.

Bundan əlavə, qızartmalar əvəzinə sobada bişirilmiş yeməklərə üstünlük vermək, həmçinin lobya, mərci və digər paxlalıları qidalanmaya daxil etmək məsləhət görülür. Bu məhsullar xolesterin ehtiva etmir və ürək sağlamlığının qorunmasına kömək edir.

Mütəxəssislərin fikrincə, qidalanmada kiçik dəyişikliklər etmək xolesterin səviyyəsini nəzarətdə saxlamağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.