Xərçənglə mübarizə aparan saqqız kəşf edildi

Xərçənglə mübarizə aparan saqqız kəşf edildi Sağlamlıq

ABŞ-nin Pensilvaniya Universitetinin alimləri xərçənglə əlaqəli virus və bakteriyalarla mübarizə aparmağa kömək edə biləcək eksperimental saqqız hazırlayıblar.

News24.az xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında dərc olunan elmi araşdırmada bildirilib.

Tədqiqat zamanı müəyyən edilib ki, eksperimental saqqız baş və boyun nahiyəsində xərçəng xəstəliyi olan pasiyentlərin tüpürcək nümunələrində insan papilloma virusunun (HPV) 93 faizini, ağız yaxalama mayesi nümunələrində isə 80 faizini özünə bağlaya bilib.

Alimlər qeyd edirlər ki, HPV-nin uzunmüddətli infeksiyası bəzi xərçəng növlərinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, “Porphyromonas gingivalis” və “Fusobacterium nucleatum” bakteriyalarının yüksək səviyyəsi baş və boyun nahiyəsindəki şişlərin daha əlverişsiz nəticələri ilə əlaqələndirilir.

Virusla mübarizə üçün hazırlanan saqqızın əsasını lablab paxlasından əldə edilən və FRIL adlı lektin zülalını ehtiva edən maddə təşkil edir. Bu zülal virus hissəciklərinə bağlanaraq onların bir-biri ilə birləşməsinə səbəb olur.

Tədqiqatçılar daha sonra saqqızın tərkibinə proteqrin-1 adlı antimikrob peptid əlavə ediblər. Laboratoriya sınaqlarında bu qarışığın birdəfəlik tətbiqi hədəf bakteriyaların sayını 99 faizdən çox azaldıb.

Bununla yanaşı, bəzi digər bakteriyaların, o cümlədən tədqiq edilən streptokokların qorunduğu müşahidə olunub.

Alimlər hesab edirlər ki, yeni kəşf mövcud müalicə üsullarına əlavə vasitə kimi istifadə oluna bilər. Bununla belə, saqqızın effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün hələ klinik sınaqlar keçirilməlidir.