Xərçənglə mübarizədə yeni üsul

Xərçənglə mübarizədə yeni üsul Sağlamlıq

Yel Universitetinin alimləri müəyyən şəraitdə omega-3 və omega-6 çoxdoymamış yağ turşularının immun sisteminin şiş hüceyrələri ilə mübarizə qabiliyyətini zəiflədə biləcəyini müəyyən ediblər.

News24.az xəbər verir ki, tədqiqatın nəticələri “Science Signaling” jurnalında dərc olunub.

Alimlər şiş hüceyrələrini tanıyaraq məhv edə bilən təbii qatil hüceyrələrini araşdırıblar. Məlum olub ki, çoxdoymamış yağ turşuları LRP5 zülalı vasitəsilə bu hüceyrələrə daxil olaraq onların şiş əleyhinə fəaliyyəti üçün vacib olan prosesləri zəiflədə bilir.

Yoğun bağırsaq xərçəngi ilə bağlı aparılan klinikayaqədərki təcrübələrdə LRP5 zülalının bloklanması immun hüceyrələrinin şişləri məhv etmək qabiliyyətini artırıb. Siçanlar üzərində aparılan sınaqlarda isə bu müdaxilə şişlərin böyüməsini yavaşladıb və immunoterapiyada istifadə olunan nəzarət nöqtəsi inhibitorlarının təsirini gücləndirib.

Heyvanların qidasından çoxdoymamış yağ turşuları çıxarıldıqda da oxşar nəticələr əldə olunub.

Tədqiqatçılar qeyd edirlər ki, nəticələr omega yağ turşularının orqanizmə təsirinin daha mürəkkəb olduğunu göstərir. Bununla belə, söhbət klinik olaraq insanlarda təsdiqlənmiş nəticədən deyil, klinikayaqədərki tədqiqatdan gedir. Omega-3 və omega-6-nın ürək-damar sistemi və digər funksiyalarla bağlı məlum bioloji rolları da bu nəticələrdən ayrıca qiymətləndirilməlidir.