Xəstə heyvan 9 nəfəri yatağa saldı: Qarayaradan necə qorunmalı? - Həkimdən xəbərdarlıq

Xəstə heyvan 9 nəfəri yatağa saldı: Qarayaradan necə qorunmalı? - Həkimdən xəbərdarlıq Sağlamlıq

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Onlarda “qarayara xəstəliyi”nin olmasına dair şübhələr yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə açıqlama yayaraq araşdırma aparıldığını bildirib. Qeyd olunub ki, xəstəliyə şübhəli bilinən şəxslər iribuynuzlu heyvanlarla təmasda olub. İlk şübhəli şəxsdən götürülən müayinə materialının laborator müayinəsi nəticəsində isə “qarayara xəstəliyi” diaqnozu təsdiqlənib.

Eləcə də, açıqlamada vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunub.

Bəs, qarayara xəstəliyinin ilkin əlamətləri hansılardır və xəstəlik hansı hallarda insanlara keçə bilir?

News24.az-a açıqlama verən infeksionist Etibar Süleymanov bildirib ki, “qarayara”nın bir neçə forması var: “Dəri, ağciyər və digər formaları mövcuddur. Dəri formasında dərinin üzərində yaralar əmələ gəlir, qanama və qızdırma ola bilər. Daha təhlükəli olanı isə yayılmış formalardır. Bu zaman xəstəlik geniş yayıla və ağırlaşmalara səbəb ola bilər.

Xəstəlik yüksək qızdırma ilə müşayiət oluna bilər. Ağciyər formasında ağciyərlərdə zədələnmələr yarana bilər. Həzm sisteminin pozulması, ishal və digər əlamətlər də müşahidə oluna bilər”.

Etibar Süleymanovun sözlərinə görə, antibiotiklər mövcud olmamışdan əvvəl bu xəstəlik daha təhlükəli sayılırdı: “Hazırda antibiotiklərlə müalicəsi mümkündür. Amma xəstə mütləq izolyasiya olunmalı, nəzarətdə saxlanılmalı və analizlərlə diaqnoz təsdiqlənməlidir. Təsdiqlənməmiş diaqnoz qoymaq olmaz. Diaqnoz təsdiqləndikdən sonra müalicəyə başlanmalıdır”.

Həkim xəstəliyin ilkin əlamətlərini də açıqlayıb: “İlkin əlamətlərə qızdırma, halsızlıq və bədəndə müxtəlif dəyişikliklər daxildir. Xüsusilə xəstəlik mal-qara və digər heyvanlarla təmas nəticəsində keçibsə, həmin nahiyədə yaraların əmələ gəlməsi, yaranın üzərində qara rəngli qabığın yaranması və ağrı müşahidə oluna bilər.

Yaxşı bişirilmiş və ya qaynadılmış ətdən yoluxma baş vermir. Adətən xəstəliyə yoluxmuş heyvanların dərisi, gönü və digər məhsulları ilə təmas zamanı, xüsusilə də dezinfeksiya edilmədikdə yoluxma baş verə bilər. Əsasən kontakt yolu ilə keçir. Xəstəliyin insandan insana keçmə ehtimalı isə çox aşağıdır. Əgər xəstəliyin ağciyər formasıdırsa, hava-damcı yolu ilə keçə bilər. Amma dəri formasında yoluxma əsasən kontakt yolu ilə baş verir”- deyə infeksionist əlavə edib.