Yatarkən televizoru söndürmürsünüz? – Araşdırma təhlükəni üzə çıxardı

Yatarkən televizoru söndürmürsünüz? – Araşdırma təhlükəni üzə çıxardı Sağlamlıq

Yatarkən televizoru açıq saxlamaq bir çox insan üçün rahatlıq hissi yaratsa da, bunun yuxunun keyfiyyətinə mənfi təsir göstərə biləcəyi bildirilir.

News24.az xəbər verir ki, bu barədə "Silicon Canals" nəşri yuxu üzrə aparılan araşdırmalara istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Milli Yuxu Fondunun 2022-ci ildə keçirdiyi sorğuda böyüklərin təxminən 60 faizi televizor və ya digər ekran açıq vəziyyətdə yuxuya getdiyini bildirib. Bəziləri isə ümumiyyətlə televizorsuz yata bilmədiyini deyib.

Mütəxəssislər hesab edirlər ki, televizorun aşağı səslə işləməsi təsadüfi səsləri maskalayır və insanın öz fikirlərinə köklənməsinin qarşısını alaraq yuxuya getməsini asanlaşdıra bilər. Bununla yanaşı, yuxuya getdikdən sonra ekranın işığı və səsi beynin fəaliyyətinə təsir göstərməkdə davam edir.

Nəşrin istinad etdiyi Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin araşdırmasına əsasən, gecə boyu təxminən 50 desibel səviyyəsində fon səsi olan mühitdə yatmaq yuxunun ən vacib mərhələlərindən biri sayılan REM fazasını orta hesabla 19 dəqiqə azaldır. Bu mərhələ yaddaşın möhkəmlənməsi, emosiyaların tənzimlənməsi və beynin bərpası üçün xüsusi əhəmiyyət daşıyır.

Mütəxəssislərin fikrincə, bu vərdiş çox vaxt uşaqlıqdan formalaşan psixoloji rahatlıq hissi ilə bağlı olur. Buna görə də televizorla yatmaq bəzi insanlar üçün sadəcə adət deyil, təhlükəsizlik hissi yaradan davranış modelidir. Bununla belə, alimlər uzunmüddətli perspektivdə sağlam yuxu üçün gecələr ekranlardan uzaq durmağı tövsiyə edirlər.