Yatmazdan əvvəl bir ovuc qoz yeməyin gözlənilməz faydası
Sağlamlıq
Yatmazdan əvvəl qoz yemək yuxu keyfiyyətini yaxşılaşdıra və daha tez yuxuya getməyə kömək edə bilər.
News24.az xəbər verir ki, bu barədə "Health" nəşri araşdırma nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, alimlər qozun yuxuya təsirini öyrənmək üçün 20-35 yaş arasında olan 76 nəfərin iştirakı ilə 18 həftə davam edən tədqiqat aparıblar. İştirakçılar iki qrupa bölünüb. Onlardan biri hər gün axşam yeməyində 40 qram qoz qəbul edib, digər qrup isə qoz yeməyib. Daha sonra qrupların yerləri dəyişdirilərək müşahidələr davam etdirilib.
Tədqiqat müddətində iştirakçıların melatonin səviyyəsi ölçülüb, həmçinin onların yuxu rejimi, fiziki aktivliyi və digər göstəriciləri xüsusi cihazlarla izlənilib.
Araşdırmanın nəticələrinə əsasən, qoz qəbul edən şəxslərdə axşam saatlarında melatonin hormonunun səviyyəsi yüksəlib, yuxuya getmək üçün tələb olunan vaxt azalıb və ümumi yuxu keyfiyyəti yaxşılaşıb. İştirakçılar gündüz saatlarında daha az yuxululuq hiss etdiklərini də bildiriblər.
Mütəxəssislər bunun qozun tərkibində olan melatonin və triptofan maddələri ilə əlaqədar olduğunu qeyd edirlər. Onların sözlərinə görə, melatonin orqanizmə gecənin başladığı siqnalını verir və yuxuya getmə prosesini asanlaşdırır. Bu maddəni ehtiva edən qidaların qəbulu isə həmin təsiri gücləndirə bilər.