Yaxşı yatsanız da, yorğun oyanırsınız? – Səbəb bu ola bilər
Sağlamlıq
Bir çox insan 7-8 saat yatsa da, səhər oyandıqda özünü yorğun və “beyni dumanlı” hiss edir. Yeni araşdırmalar bu vəziyyətin səbəbinin yalnız yuxu müddəti deyil, gün ərzində qəbul edilən kofein ola biləcəyini göstərir.
News24.az xəbər verir ki, “Nutrients” jurnalında dərc olunan yeni tədqiqat qəhvənin yuxuya təsirini yalnız yuxuya getmə prosesinə deyil, həm də yuxunun keyfiyyətinə təsir etdiyini ortaya qoyub.
Mütəxəssislər bildirirlər ki, qəhvə xüsusilə günün ikinci yarısında və axşam saatlarında qəbul edildikdə, insanın yuxuya getməsini çətinləşdirməklə yanaşı, beynin gecə bərpa proseslərini də zəiflədə bilər.
Tədqiqat elektroensefaloqrafiya (EEQ) üsulu ilə aparılıb və nəticələr göstərib ki, kofein bəzi hallarda ümumi yuxu müddətini ciddi şəkildə azaltmasa da, beynin dərin yuxu fazasına mənfi təsir edir. Bu mərhələ orqanizmin bərpası, enerji ehtiyatlarının yenilənməsi və beyin funksiyalarının normallaşması üçün əsas hesab olunur.
Araşdırmada qeyd olunur ki, insan özünü “yaxşı yatmışam” kimi hiss etsə də, beynin dərin yuxu aktivliyi azala bilər. Bu isə uzun müddətdə xroniki yorğunluğa səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, kofeinin təsiri hər insanda eyni deyil. Genetik xüsusiyyətlər, maddələr mübadiləsinin sürəti, yaş, stress səviyyəsi və ümumi yorğunluq kofeinin orqanizmdə necə işlənməsinə birbaşa təsir göstərir. Bəzi insanlarda hətta səhər içilən qəhvə belə gecə yuxusuna mənfi təsir edə bilər.
Alimlər xəbərdarlıq edirlər ki, gün ərzində həddindən artıq kofein qəbulu orqanizmdə “yorğunluq-daha çox qəhvə-daha pis yuxu” dövranı yarada bilər. Bu isə həm gündüz məhsuldarlığını azaldır, həm də gecə bərpa prosesini zəiflədir.