Yuxu rejimi həyatınızı dəyişə bilər – ekspertlərdən maraqlı nəticə

Yuxu rejimi həyatınızı dəyişə bilər – ekspertlərdən maraqlı nəticə Sağlamlıq

Erkən yatmaq təkcə fiziki deyil, psixi sağlamlıq üçün də mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, gec yatmaq insanın əhvalına, enerjisinə və ümumi rifahına mənfi təsir göstərə bilər.

News24.az xəbər verir ki, "Your Tango" nəşrinin dərc etdiyi məqalədə saat 21:00 radələrində yatan insanların daha xoşbəxt olmasının əsas səbəbləri sadalanıb.

Araşdırmalara görə, erkən yatan insanlar səhər daha gümrah oyanır, gün ərzində daha aktiv olur və daha çox hərəkət edirlər. Onlar səhər saatlarında özlərinə vaxt ayıra, günə daha sakit və planlı başlaya bilirlər.

Mütəxəssislər qeyd edirlər ki, gecəyarısından sonra yatmağa vərdiş edən insanlarda depressiya riski daha yüksək olur. Erkən yatmaq isə psixi sağlamlığın qorunmasına və emosional sabitliyin saxlanmasına kömək edir.

Bundan əlavə, erkən yatanlar adətən daha nizamlı həyat tərzinə malik olur, ailələri ilə daha keyfiyyətli vaxt keçirir və istirahət üçün sosial şəbəkələrdən deyil, kitab oxumaq kimi faydalı məşğuliyyətlərdən istifadə edirlər.

Araşdırmalarda həmçinin vurğulanır ki, səhər saatlarında daha çox təbii gün işığı almaq bioloji ritmin tənzimlənməsinə, əhvalın yaxşılaşmasına və xoşbəxtlik hissinin artmasına müsbət təsir göstərir.

Mütəxəssislərin fikrincə, sağlam yuxu rejimi formalaşdırmaq, xüsusilə də erkən yatmaq vərdişi qazanmaq həm fiziki, həm də psixi sağlamlığı qorumağın ən sadə və effektiv yollarından biridir.