Yuxusuz gecədən sonra bunu edin

Yuxusuz gecədən sonra bunu edin Sağlamlıq

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər.

News24.az xəbər verir ki, araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Təcrübədə 54 sağlam gənc iştirak edib. Onlar təxminən 30 saat yuxusuz saxlanıldıqdan sonra üç qrupa bölünüblər. Bir qrup 20 dəqiqə velotrenajorda məşq edib, ikinci qrup 90 dəqiqə yatıb, üçüncü qrup isə eyni müddətdə velotrenajorun üzərində hərəkətsiz oturub.

Üç gün sonra iştirakçıların yaddaşı yoxlanılıb. 90 dəqiqə yatanlar nəzarət qrupu ilə müqayisədə 23 faiz, məşq edənlər isə 21 faiz daha yaxşı nəticə göstərib. Alimlər bu iki nəticə arasında statistik baxımdan əhəmiyyətli fərq aşkar etməyiblər.

Araşdırma göstərib ki, yuxu və fiziki aktivlik beyinə fərqli təsir edir. Yuxu beynin yorğunluq səviyyəsini azaldıb, məşq isə məlumatın qəbul edilməsi və emalını yaxşılaşdırıb.

Alimlər vurğulayırlar ki, 20 dəqiqəlik məşq yuxunu əvəz etmir. İmkan varsa, yuxuya üstünlük verilməlidir. Lakin yatmaq mümkün olmadıqda sürətli gəzinti və ya velosiped sürmək kimi qısa fiziki aktivlik yaddaşın fəaliyyətini müvəqqəti dəstəkləyə bilər.

Bu yanaşma xüsusilə növbəli işləyənlər, həkimlər, pilotlar və azyaşlı uşaqları olan valideynlər üçün faydalı ola bilər. (axsam.az)