Azərbaycanlı aktrisa bələdiyyədən şikayət etdi
    • 23-07-2018, 11:10
    • 1 253

Azərbaycanlı aktrisa bələdiyyədən şikayət etdi

Türk vətəndaşı ailə həyatı quraraq İstanbula köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadə bir müddət öncə istirahət üçün vətənə dönüb.

Doğulduğu Qusar rayonunun Şirvanovka kəndinə yollanan aktrisa orada su problem ilə qarşılaşıb. 

O, bu barədə öz Facebook hesabında məlumat verib: “Görəsən bizim bu su problemimiz nə zaman bitəcək və həll olunacaq?Türkiyədən gələn kimi rayona getdim. Düşündüm ki, kəndimizi görərəm, havasından udub, suyundan içib, sərinləyərəm. 

Amma kənddə sudan əsər-əlamət yox idi. Qusar kimi rayonun kəndi susuz qalıb. Sözügdən kənd Rusiya ilə sərhəddə yerləşən Şirvanovka kəndidir. Digər kəndlərdən tam xəbərim yoxdur. 

Onu bilirəm ki, bizim kəndə doğru-düzgün su verilmir. Suyun daimi olduğu yerlər isə bələdiyyə işçilərinin yaşadığı yerlərdir. 

Bu problemlə bələdiyyə maraqlanmır. Görəsən Qusar Rayon İcra Hakimiyyəti bizim problemimizi nə zaman həll edəcək? 

Yayın istisində günlərlə, hətta aylarla susuz qalmaq nə deməkdir axı? 21-ci əsrdə yaşayasan, ölkəndə “Formula 1” kimi yarışmalar keçirilə, bu ölkəni dünyaya tanıtmağa və çox sayda turist cəlb etməyə çalışıldığı bir vaxtda, nədənsə Qusar kimi turistik bir məkanın kəndi susuz qalır. 

Vətəndən uzaqda yaşayasan, ölkən üçün darıxasan, gəzib dincəlmək istəyəsən, amma bu kimi problemlə qarşılaşasan. Üzülməyəsən bəs nə edəsən? Bu zamanda bu cür problem olmamalıdır!”

Teymur Məmmədov